Pekində keçirilən 4-cü Dünya Media Sammitində AZƏRTAC iştirak edib
Noyabrın 22-də Çinin Sinxua xəbər agentliyinin təşkilatçılığı ilə onlayn formatda 4-cü Dünya Media Sammiti keçirilib.
Sammitdə dünyanın müxtəlif ölkələrindən 100-dən çox aparıcı media qurumlarının, o cümlədən xəbər agentliklərinin, televiziya kanallarının, qəzetlərin, internet nəşrlərin rəhbərləri, BMT də daxil olmaqla bir neçə beynəlxalq təşkilatın təmsilçiləri iştirak ediblər. Nüfuzlu tədbirdə ölkəmizi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov təmsil edib.
“COVID-19 pandemiyası şəraitində medianın inkişaf strategiyası” devizi ilə keçirilən budəfəki sammitdə “Medianın inkişafı: yeni texnologiyalar, daha yaxşı yanaşma”, “Media marketinq: yeni tərəfdaşlar, yeni bazarlar”, “Elm və əməkdaşlıq ruhunda: ictimai səhiyyənin fövqəladə vəziyyətində medianın məsuliyyəti” və “Media: sivilizasiyalar arasında körpü” mövzularında müzakirələr aparılıb.
Sammitin açılışında Çin Xalq Respublikasının Sədri Si Cinpinin tədbir iştirakçılarına təbrik məktubu oxunub. Sədr Si Cinpin Dünya Media Sammitini planetimizi narahat edən həlli vacib məsələlərin müzakirəsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirib.
Sinxua agentliyinin prezidenti Hi Pinq Sammitin yaradılmasından ötən dövr ərzində görülən işlər barədə məlumat verərək bildirib ki, informasiya mübadiləsi və əməkdaşlıq üçün geniş platforma olan Dünya Media Sammiti 2009-cu ildə Sinxua, Associated Press, TASS, Reuters, Kyodo və digər agentliklərin iştirakı ilə yaradılıb. İlk Sammit 70-dən çox ölkənin və 170 media qurumunun təmsilçisinin iştirakı ilə 2009-cu ildə Pekində keçirilib. Növbəti sammitlər 2012-ci ildə Moskvada və 2016-cı ildə Dohada təşkil olunub. Sammitin ali idarəedici orqanı olan rəyasət heyətində müxtəlif ölkələrdən 17 media qurumu təmsil olunur.
Bildirilib ki, Dünya Media Sammiti fotomüsabiqələr, media peşəkarlarının iştirakı ilə təlim proqramları, müxtəlif tədbirlər təşkil edib. Bundan başqa, media sahəsində bir neçə sənəd razılaşdırılaraq imzalanıb.
Sammitin plenar sessiyasında çıxış edən rəyasət heyətinin üzvləri COVID-19 pandemiyası dövründə media qurumlarının üzərinə düşən vəzifələrdən və qarşılaşdıqları çətinliklərdən danışıb, jurnalistlərin karantin rejimində fəaliyyəti, feyk xəbərlərə qarşı mübarizə, bəşəriyyət üçün ortaq gələcəyin qurulmasında medianın qarşısında duran vəzifələrdən söz açıblar.
Qeyd olunub ki, media dünyada qarşılıqlı anlaşmanın və tolerantlığın təbliğ olunmasında böyük rol oynayır. Bəşəriyyət yeni minilliyə qədəm qoyduğu bir dövrdə jurnalistlərin, media işçilərinin, çap və ya elektron media sahiblərinin də məsuliyyəti artmış oldu. Ancaq hər hansı digər peşələrdə olduğu kimi, dünyada jurnalistlərin də hamısı eyni olmur və qarşıya qoyulan məqsədlər də çox vaxt fərqli olur. Bu kontekstdə gəlir arxasınca qaçan və qazanc əldə etmək üçün saxta xəbərlər hazırlamaq, uydurma xəbərlərlə qalmaqallar yaratmaq, təhqiramiz ifadələrdən istifadə etmək və bununla da münaqişələri daha da qızışdırmaq halları təəssüf doğurur. Buna görə də medianın etika aspekti və jurnalistlərin vicdanlı fəaliyyəti əhəmiyyət daşıyır. Üçüncü tərəflərin təsiri altına düşən media, həmçinin münaqişələrə səbəb ola, mədəni və sosial münasibətləri korlaya bilər. Məhz belə hallara yol verməmək üçün media işçilərindən peşəkarlıq, dürüstlük, qərəzsizlik və səmimilik tələb olunur.
Müzakirələrdə medianın cəmiyyətdə etimad, anlayış və dialoq qurmaq kimi missiyası vurğulanaraq, azad və fəal medianın xalqlar, mədəniyyətlər və millətlər arasında qarşılıqlı anlaşmanın inkişafındakı rolundan söz açılıb.
Sonda fotomüsabiqənin qalibləri mükafatlandırılıb.