Görüşlər, razılaşmalar, Makronun Azərbaycan dilində statusu – Deputat Brüsseldən verilən mesajlardan danışdı
Məlum olduğu kimi, Prezident İlham Əliyev dekabrın 13-də Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçikaya işgüzar səfərə getmişdi.
Azərbaycan Prezidenti səfər çərçivəsində bir neçə önəmli görüş keçirdi.
Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşünü isə xüsusi qeyd etmək lazımdır. Çünki həmin görüşdə bir sıra önəmli razılaşmalar əldə olundu.
Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.
Bir gün sonra – 15 dekabrda isə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilildi. Keçirilən görüşlərin hər birində Azərbaycan və Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması müzakirə olundu. Görüşdən sonra sonra isə Fransa Prezidenti Emmanuel Makron öz rəsmi sosial şəbəkə hesablarında Azərbaycan dilində status paylaşdı.
Bəs görəsən Brüssel görüşündə hansı önəmli mesaj verildi? Azərbaycan görüşdən istədiyini əldə edə bildimi? Makronun Azərbaycan dilində mesaj yazması nəyə hesablanmışdı?
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablandıran Milli Məclisin deputatı Cavanşir Feyziyev Brüssel görüşlərinin gündəliyinin və məzmununun kifayət qədər geniş olduğunu bildirib:
“İlk növbədə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində üzv dövlətlərin Sammiti Aİ-Azərbaycan münasibətlərini zamanın nəbzinə uyğun olaraq inkişaf etdirmək və bu münasibətlərin mövzusunu və mahiyyətini daim təkmilləşdirmək baxımından çox əhəmiyyətli siyasi bir tədbirdir. 2018-ci ildə keçirilmiş analoji Sammit zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında ölkəmizin maraqlarını özündə əks etdirən “Tərəfdaşlıq Prioritetləri” adlı mühüm sənəd qəbul olunmuşdu. Bu dəfəki Sammitin yekun Bəyannaməsində də Azərbaycanın hərbi-siyasi və iqtisadi maraqları öz əksini tam şəkildə tapdı. Bununla yanaşı NATO baş katibi ilə, eləcə də digər dövlət başçıları ilə keçirilmiş ikitərəfli danışıqlar da cari mərhələdə Azərbaycanın mövqeyini bildirmək və öz mövqeyinə siyasi dəstək qazandırmaq baxımından olduqca əhəmiyyətlidir”.
“Keçən il bölgəmizdə baş vermiş hadisələrdən sonra ərazidə yaranmış yeni reallıqlar haqqında digər tərəfdaşların ətraflı və düzgün məlumatlandırılması, bölgənin gələcəyi ilə bağlı Azərbaycanın mövqeyinin izah edilməsi və bu mövqeyə dəstək əldə edilməsi görüşün əsas nəticələridir” – deyən deputatın sözlərinə görə, Sammitlə bağlı verilən məlumatlardan da görünür ki, Azərbaycan Prezidentinin bütün görüşləri uğurla nəticələnib”.
C.Feyziyev deyib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Prezident İlham Əliyevlə baş nazir Paşinyan arasında baş tutmuş görüş bütün tərəflər üçün çox əhəmiyyətli bir hadisədir:
“Bu görüş də ondan əvvəl Rusiyada keçirilmiş görüşlər kimi bölgədə sabitliyi təmin etmək üçün göstərilən səylərin bir hissəsidir. Azərbaycan həm müharibədən əvvəl, həm də müharibədən sonra həmişə belə təşəbbüslərə açıq olub. Dövlətimizin məqsədi bölgədə düşmənçiliyə son qoyulmasına və bölgədaxili siyasi-iqtisadi münasibətlərin normallaşdırılmasına nail olmaqdır. Bu istiqamətdə müsbət nəticə əldə etmək üçün atılmalı olan addımlar artıq əvvəlki görüşlər zamanı əldə olunub. İndi nəzərdə tutulan addımların praktiki tətbiqinə başlamaq üçün belə görüşlər təkanverici mexanizm rolunu oynamalıdır.
Məsələn, iki ölkə rəhbərinin Brüssel görüşündə nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı daha əvvəl razılaşdırılmış layihələrdən birinin – dəmir yolunun bərpasına başlamaq haqqında qəti qərar qəbul olundu. Belə mürəkkəb vəziyyətlərdə ilk addımın atılması həmişə çətindir. Amma çətin də olsa bu kimi addımların atılması bölgəni addım-addım sülhə və sabitliyə qovuşduracaq. Bu baxımdan İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə baş tutmuş görüş və onun nəticəsi daha əvvəl Azərbaycan – Rusiya – Ermənistan formatında keçirilmiş görüşlərin və qəbul olunmuş qərarların müsbət davamı kimi qiymətləndirilməlidir”.
Fransa prezidentinin öz sosial şəbəkə səhifəsində Azərbaycan dilində status yerləşdirməsinə də toxunan C.Feyziyev bunu Azərbaycana ünvanlanmış diplomatik mesaj kimi dəyərləndirib:
“Düşünürəm ki, bununla Fransa prezidenti əvvəlki anti-Azərbaycan mövqeyindən geri çəkildiyini və bizimlə “eyni dildə danışmağa” çalışdığını, yəni bizim maraqlarımızı da nəzərə almaq qənaətində olduğunu eyham edir”.
Həmçinin oxu: Makron Prezident İlham Əliyevlə görüşü barədə Azərbaycan dilində paylaşım edib - FOTO