Ceyhun Bayramovun İranlı həmkarı ilə görüşü və mətbuat konfransı baş tutub
22 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycana rəsmi səfər edən İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
XİN-dən verilən məlumata görə, xarici işlər nazirləri arasında təkbətək formatda başlayan görüş, daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Nazir Ceyhun Bayramov İranlı həmkarını salamlayaraq, Azərbaycan və İran dövlətləri arasında əlaqələrin qədim tarixə və ortaq mədəniyyətə əsaslandığını qeyd edib. O, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini bildirib. Nazir, ölkə rəsmiləri arasındakı təmasların, xüsusilə də dövlət rəhbərləri səviyyəsində görüşlərin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verdiyini söyləyib.
Nazir Hüseyn Əmir Abdullahian Bakıda olmağından məmnunluq ifadə edib. O, Azərbaycan Respublikası Prezidenti ilə çox faydalı görüşün keçirildiyini və hərtərəfli müzakirələrin aparıldığını söyləyib.
Nazirlər Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə uğurla həyata keçirilən əməkdaşlıq münasibətlərini müzakirə ediblər. Bu xüsusda Dövlət Komissiyasının fəaliyyəti qeyd edilib.
Görüş zamanı, həmçinin bölgədəki cari vəziyyət, münaqişə sonrası yeni reallıqların və əməkdaşlıq imkanlarının yaranması, o cümlədən 3+3 formatında məsləhətləşmələr mexanizminin gələcək perspektivləri, kommunikasiyaların açılmasının bölgə ölkələrinə faydası və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
1news.az