Prezident İlham Əliyevin çoxşaxəli və inamlı mədəniyyət siyasəti | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyevin çoxşaxəli və inamlı mədəniyyət siyasəti

21:53 - 25 / 12 / 2021
Prezident İlham Əliyevin çoxşaxəli və inamlı mədəniyyət siyasəti

Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın mədəniyyət siyasətinin ana xəttini xalqımızın milli dəyərlərini qorumaq, təbliğ etmək təşkil edir.

Ulu Öndərin siyasi kursunu bütün sahələrdə ləyaqətlə davam etdirən Prezident İlham Əliyev də ölkəmizə rəhbərlik etdiyi dövrdən etibarən mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı ilə yanaşıb. Bu diqqət sayəsində mədəniyyət sahəsində daimi olaraq əsaslı islahatlar aparılıb, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılıb.

Dövlət başçısının hakimiyyətə gəldiyi 2003-cü ildən artıq Azərbaycan bütünlükdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu dövrdə bütün sahələrdə - sosial-siyasi, iqtisadi, eləcə də mədəniyyət sahəsinin inkişafı üçün genişmiqyaslı işlər görülməyə başlanıldı. Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin xarici ölkələrdə təbliği və tarixi abidələrin bərpası istiqamətində əhəmiyyətli layihələr həyata keçirildi. Eyni zamanda, mədəniyyət sferasının zənginləşməsi üçün Prezident ardıcıl olaraq sərəncamlar imzaladı və onların icrasını daim şəxsən diqqət mərkəzində saxladı.

1news.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 60 illik yubileyi münasibətilə Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin “Prezident İlham Əliyevin çoxşaxəli və inamlı mədəniyyət siyasəti” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Müxtəlif vaxtlarda - kitabxana-informasiya (2008-2013), kino (2008-2018) və teatr (2009-2019) sahələri, tarix və mədəniyyət abidələrinin bərpası və qorunması üzrə (2014-2020) Dövlət proqramları icra edilib. Eyni zamanda, mədəniyyət və incəsənət xadimlərinə dövlət tərəfindən diqqət və qayğı göstərilib. Mədəniyyət işçilərinin dövlət təltifləri ilə mükafatlandırılması buna sübutdur. Həmçinin Şərq və Qərb sivilizasiyasının qovşağında yerləşən Azərbaycan mədəniyyətinin Qərb ölkələri ilə də mədəni əlaqələrinin genişləndirilməsi sahəsində mühüm tədbirlər görülüb. Hələ 2009-cu ildə Avropanın bir neçə ölkəsində Azərbaycan mədəniyyəti günləri, xüsusən İsveçrədə Azərbaycan mədəniyyətinə həsr edilmiş 100 günlük mədəni tədbirlər silsiləsi təşkil olunub. 2009-cu ildə Bakının İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi proqramı çərçivəsində isə ilboyu həyata keçirilən çoxsaylı tədbirlər Azərbaycanın İslami dəyərlərə bağlı olduğunu, tarix boyu bu dəyərləri qoruyub saxladığını və ona ehtiramla yanaşdığını bir daha təsdiq etdi. Bütün bunlar respublikamızın tarixində ən böyük mədəniyyət hadisəsi olmaqla, ölkəmizin İslam dünyasına inteqrasiyası sahəsində yeni dövrün başlanğıcını qoyub.

Digər tərəfdən, Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində ardıcıl işlər görülür və mövcud reallıqlar, nəticələr olduqca yüksək qiymətləndirilir. 2009-cu il noyabrın 11-də Bakı şəhərində İKT-nin 40 illiyinə həsr edilmiş “Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib. Bu konfransda 41 ölkə və 3 beynəlxalq təşkilatdan 200-dək elm xadimi, respublikamızda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və s. qonaqlar iştirak ediblər. Beynəlxalq konfransda mədəniyyətlərarası və dinlərarası dialoqun qarşılaşdığı problemlər, dini və mədəni müxtəliflik, bu sahədə Azərbaycanın təcrübəsi və s. sahələrdə elmi müzakirələr aparılıb.

Bununla yanaşı, UNESCO-nun və ICESCO-nun dəstəyi ilə ölkəmizdə keçirilən tədbirləri Azərbaycan mədəniyyətinin beynəlxalq aləmə inteqrasiyası və inkişafı kimi qiymətləndirə bilərik. Bu tədbirlərin uğurla nəticələnməsi ölkəmizi dini tolerantlıq nümunəsinə və sivilizasiyalararası dialoqun baş tutduğu məkana çevirib.

Azərbaycanın mədəni həyatında mühüm rol oynayan tədbirlərdən biri də 2009-cu il martın 20-dən 25-dək Bakıda Beynəlxalq Muğam Mərkəzində keçirilən “Muğam aləmi” Beynəlxalq Festivalı oldu. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən muğam festivalında Azərbaycanla yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, Özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunub. Xüsusilə, Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması və inkişaf etdirilərək dünyaya tanıdılması sahəsində çox böyük işlər görüb. Hələ 2005-ci ildə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 məşhur muğam ustadının ifalarından ibarət “Qarabağ xanəndələri” adlı zəngin musiqi albomu hazırlanıb təqdim edilib. Sonra bu layihənin davamı kimi, 2008-ci ildə “Muğam ensiklopediyası” hazırlanıb nəşr edilib. Bu isə mütəxəssislər tərəfindən xalqımızın qədim musiqi irsinin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilib.

Mədəniyyətimizə, tarixi-mədəni sərvətlərimizin qorunması və bərpasına dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı xalq tərəfindən həmişə rəğbətlə qarşılanmaqdadır. Ən böyük mədəni tədbirlərdən biri 2019-cu ildə Azərbaycanın UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi idi. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu xarici siyasət, Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və qayğısının nəticəsidir. Məlum olduğu kimi, həmin il iyulun 7-də Bakı Konqres Mərkəzində, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən iclasda “Azərbaycanın Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bu, Azərbaycan mədəniyyətinə beynəlxalq müstəvidə verilən dəyərdir.

Mədəniyyət sahəsində görülən ən son və ən qürurverici işlər heç şübhəsiz şanlı Vətən müharibəsindəki Qələbəmizdən sonra Qarabağın, mədəniyyətimizin paytaxtı Şuşanın adı ilə bağlıdır. Artıq 2021-ci ilin yanvarından Şuşanın bərpasına başlanıldı, qısa müddət ərzində böyük işlər görüldü. Ali Baş Komandan İlham Əliyev Şuşada üçrəngli bayrağımızı qaldırdı. Bununla da Şuşanın mədəni həyatının özünə qaytarılmasına start verildi. Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenidən Şuşada qoyulub. Bülbülün ev-muzeyi bərpa edilib.

Dövlət başçısı 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Həmçinin 30 ildən sonra Xarıbülbül festivalı yenidən Vətəninə qayıtdı. Bundan əlavə, Şuşada avqustun 30-da Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri yenidən təşkil olundu. Görülən bütün işlərin timsalında Şuşa öz əzəmətini özünə qaytarır, burada yeni muzeylər açılır, sərgilər keçirilir, mədəni tədbirlər təşkil olunur. Bu, mədəniyyət paytaxtımızın öz funksiyasını böyük uğurla yerinə yetirəcəyinə inam yaradır.

Azərbaycan dövlət başçımızın siyasəti nəticəsində ildən-ilə daha qüdrətli dövlətə çevrilir. Bu inkişafda mədəniyyət xadimlərinin də öz rolu və yeri var. Bunu ölkə başçısı çıxışlarının birində belə qiymətləndirib: “Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır – alimlərimiz, rəssamlarımız şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. Azərbaycanı bu insanlar tanıdırlar. Bu insanlar cəmiyyətin aparıcı təbəqələridir, cəmiyyətin elitasıdır”. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Prezidentimizin siyasi kursunu dəstəkləyir, Azərbaycanın uğurlu gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün əllərindən gələni edirlər.

Ötən 18 il ərzində dövlət başçısının uğurlu siyasətinin bir hissəsi olan mədəniyyət siyasəti nəticəsində bu sahənin inkişafı daha geniş vüsət alıb. Eləcə də bu gün ölkəmizin beynəlxalq siyasi və mədəni nüfuzunun möhkəmlənməsi prosesi sürətlə davam edir. İnanırıq ki, çoxşaxəli və sürətli inkişaf mədəniyyət sferasının gələcək müsbət perspektivlərini də şərtləndirəcək.

1news.az

Paylaş:
508

Son xəbərlər

Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40
Bütün xəbərlər