Bakıda avtobuslar toqquşub, xəsarət alan var
Paytaxtın Şeyx Şamil küçəsində fiziki şəxs Malik Orucovun müvəqqəti istismarında olan 77 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Bakı Nəqliyyat Agentliyindən 1news.az verilən xəbərə görə, sərnişin avtobusu yoldan çıxaraq ağaca dəyib. Qəza zamanı avtobusda sərnişin olmayıb və xəsarət alan yoxdur.
Digər bir yol nəqliyyat hadisəsi isə Binəqədi şosesində olub. “Çinar Trans” MMC-nin müvəqqəti istismarında olan 133 və 165 nömrəli müntəzəm marşrut xətti üzrə iki avtobus toqquşub. Daşıyıcı şirkət “Çinar Trans” MMC-dən verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Hazırda hər iki hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq araşdırma aparılır. Daşıyıcı şirkətlərin rəhbərliyi Agentliyə çağırılıb.