Rusiya-Ukrayna arasındakı gərginlik Bakı Limanına necə təsir edəcək? - Taleh Ziyadovdan açıqlama
"Avropa ilə Asiya arasında qlobal təchizat zəncirində Azərbaycanın rolu artacaq".
1news.az xəbər verir ki, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov jurnalistlərin Rusiya-Ukrayna arasındakı gərginliyin Bakı Limanına təsiri ilə bağlı sualları cavablandırarkən deyib.
"Son hadisələr göstərdi ki, Orta dəhliz adlandırdığımız, Azərbaycanın da fəal iştirak etdiyi bu dəhlizin əhəmiyyəti artır" - deyə, T. Ziyadov əlavə edib: "Ümumiyyətlə bizim 3 əsas faktora əhəmiyyət verməyimiz lazımdır. Birincisi, bu dəhlizin əhəmiyyəti qısa və orta müddətdə artacaq. Bu, nəinki region ölkələrində, eyni zamanda açıq dənizlərə çıxış imkanı olmayan ölkələr üçün də əhəmiyyətli dəhlizdir. Eyni zamanda Çinin Avropaya, Qara dənizə, Türkiyəyə birləşməsi üçün bu dəhlizin çox əhəmiyyətli bir rolu var. İkinci bir məsələ, bütün bu məsələlər göstərir ki, Azərbaycanın logistik "hub"a çevirilməsi üçün artıq növbəti mərhələ çatıb. Bu o deməkdir ki, daha öncə Qara dənizdə yekunlaşan konteynerlər, bəlkə də bir addım önə keçərək Ələtə gətirin çıxarılması, Ələtin paylayıcı bir mərkəz funksiyasını yerinə yetirməsi mərhələsi gəlmişdir. Ona görə müvəqqəti saxlanc yerinin vacibliyi bir daha vurğulanmalıdır.
T.Ziyadov bildirib ki, 130 milyon insanın yaşadığı bu regionun bütün paylayıcı mərkəz funksiyalarının Ələtdən həyata keçirilməsi fürsəti doğur. Üçüncü isə, onu qeyd edə bilərəm ki, son hadisələr bir daha Zəngəzur dəhlizinin əhəmiyyətini önə çıxarır. Bu koridor nəinki Şimal və cənub istiqamətində olan yükdaşımaları həyata keçirir, eyni zamanda həm Mərkəzi Asiya, həm Çindən Aralıq dənizinə çıxışı təmin edəcək. Bu 3 amil Azərbaycanı Avropa və Asiya arasındakı təchizat zəncirindəki ən əhəmiyyətli oyunçulardan biri edəcək".