Tanınmış idmançını qətlə yetirən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Martın 14-də saat 21 radələrində Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində 1984-cü il təvəllüdlü Zaur Yusifovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İlkin istintaqla 2000-ci il təvəllüdlü Samir Şirəliyevin qətlə yetirilən xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Z.Yusifovu qisas almaq məqsədilə odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
S.Şirəliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə martın 14-də Nəsimi rayonu 6-cı mikrorayon ərazisində qeydə alınıb. Kikboks üzrə tanınmış idmançı Zaur Yusifov evinin yaxınlığında yerləşən marketinin içində "Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.