Qız Qalası Autizm Məlumatlandırma Günü çərçivəsində mavi işıqla işıqlandırılacaq
Qız Qalası Autizm Məlumatlandırma Günü çərçivəsində mavi işıqla işıqlandırılacaq.
1news.az xəbər verir ki, “Mavi işıqla işıqlandır” (“Light It Up Blue”) layihəsində məqsəd autizmli uşaqların və onların ailələrinin problemlərini cəmiyyətin diqqətinə çatdırmaqdır.
Qeyd edək ki, 2008-ci ildən başlayaraq hər il aprelin 2-də Dünya Autizm Məlumatlandırma Günü qeyd edilir. Bu barədə BMT Baş Məclisi 2007-ci il dekabrın 18-də qətnamə qəbul edib. 2010-cu ildən isə ABŞ-ın “Autizm Speaks” təşkilatı tərəfindən həyata keçirilməyə başlayan “Mavi işıqla işıqlandır” layihəsi bu günün önəm və mahiyyətini simvolizə edir, bütün dünyanın diqqətini autizmdən əziyyət çəkən uşaqlara yönəldir. “Mavi işıqla işıqlandır” layihəsi indiyədək dünyanın 136 ölkəsində 600-dən çox şəhərdə tarix və memarlıq abidələrinin üzərində həyata keçirilib.
2012-ci ildə Heydər Əliyev Fondunun və UNICEF-in dəstəyi ilə “Mavi işıqla işıqlandır” aksiyasını həyata keçirmək üçün Bakı ilk dəfə dünyanın digər şəhərlərinə qoşulub. Artıq onuncu ildir ki, həyata keçirilən “Mavi işıqla işıqlandır” aksiyası autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş qlobal təşəbbüsdür. Həmin gün Yer kürəsinin müxtəlif ölkələri öz dəstəklərini göstərmək üçün şəhərlərinin ən nəzərə çarpan binalarının birini və ya bir neçəsini mavi işıqla işıqlandırır.