Sevinc Fətəliyeva: Bu gün xalqımız, bütün dünyada yaşayan azərbaycanlılar növbəti bir tarixi hadisəyə şahidlik etdi
“Bu gün xalqımız, bütün dünyada yaşayan azərbaycanlılar növbəti bir tarixi hadisəyə şahidlik etdi. Milli simvolumuz olan Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi tariximizə qızıl hərflərlə yazılan hadisədir.
Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra dünya azərbaycanlılarının ilk qurultayı olduğu üçün bu əlamətdar tədbir Zəfər qurultayı adlandırılır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, qurultayda Azərbaycan Prezidenti İlham Əliyev geniş və parlaq nitq söylədi. Dövlətimizin başçısı Zəfər qurultayının əhəmiyyəti, Azərbaycan diasporunun fəaliyyəti və onun qarşısında dayanan yeni vəzifələr, milli birliyimizin əhəmiyyəti, eləcə də, regionda baş verən proseslər haqqında fikirlərini ifadə edib. Cənab Prezidentin dediyi kimi, Ermənistanın işğalçılıq siyasətinin qarşısını almaq dövlətimizin, cəmiyyətimizin və diasporumuzun əsas vəzifəsi olub. “Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Məhz buna görə ordu quruculuğu sürətlə aparılmışdır, buna görə Azərbaycan müasir orduya malik olmuşdur, buna görə gənc nəsil vətənpərvərlik, düşmənə nifrət, Vətənə sədaqət ruhunda tərbiyə olunurdu, buna görə iqtisadi islahatlar aparılmışdır. Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq və bu günü görmək amalı dururdu. Biz buna öz gücümüzlə nail olduq. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi və bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və heç vaxt bu xalq, Azərbaycan xalqı işğalla barışmaq fikrində deyildi”,-deyən Prezident qeyd edib ki, artıq aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul edirlər. Biz bilirik ki, bu yaxınlarda BMT Şuşada beynəlxalq tədbir keçirdi. Eyni zamanda, Avropa İttifaqının hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak etdiyini görürük. ATƏT-in Minsk qrupu isə özünü doğrultmadığı üçün demək olar ki, tarixin arxivinə göndərilib.
Millət vəkilinin sözlərinə görə, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, digər aparıcı beynəlxalq təşkilatlar postmünaqişə reallıqlarını qəbul edirlər. Hazırda regionumzda qonşu ölkələr arasında “3+3” formatında beynəlxalq platforma yaradılır. Hazırda əsas məsələ Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin reallaşmasıdır. Dövlətimiz qarşı tərəfə beş prinsipdən ibarət sülh təklif irəli sürdü və Ermənistan da həmin prinsipləri qəbul edib. Bu beş prinsip əsasında sülh müqaviləsi imzalanmalıdır. Cənab Prezidentin dediyi kimi, sülh sazişi imzalanarsa Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu, Ermənistan üçün yeganə çıxış yoludur.
“Cənab Prezident qurultaydakı çıxışında Azərbaycan diasporunun qarşısında dayanan vəzifələrdən də bəhs etdi, dünyada yaşayan azərbaycanlılara öz tövsiyələrini verdi. Azərbaycan hökuməti ilə yanaşı təşkilatlarımız da Azərbaycanın regionda yaratdığı yeni reallıqları dünya ictimaiyyətinə çatdırılmasında fəal olmalıdırlar. Bütövlükdə, düşünürəm ki, Şuşada keçirilən Zəfər qurultayı ilə Azərbaycan diasporunun fəaliyyətində yeni mərhələ başlayır”,-deyə Sevinc Fətəliyeva vurğulayıb.