Şuşa siyasi fikir, ictimai düşüncə və diplomatik mərkəzə çevrilir - FOTO
2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsinin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirdi.
Bu fikirləri 1news.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
Elçin Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidentinin dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i bayram günləri sırasına daxil edildi və hər il Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunacaq. Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Prezidentin Sərəncamında vurğulanır ki, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
Bir vaxtlar “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə rəşadətli Azərbaycan Ordusunun qanı, canı bahasına işğaldan azad edildi.
Azərbaycan Prezidenti İlham Əliyev hələ 2020-ci il oktyabrın 16-da, 44 günlük İkinci Qarabağ müharibəsinin 20-ci günündə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində demişdi: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ona görə təbii ki, Şuşanın işğaldan azad edilməsi bizim hədəflərimizin arasında xüsusi yer tutur. Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq”.
Şuşa şəhərinin Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini bildirən Prezident İlham Əliyev qeyd etmişdir ki, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalı, ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik. Vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin simasının, tarixi simasının bərpa edilməli olduğunu bildirən Azərbaycan Prezidenti Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edərək demişdir: “Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır”. Bununla yanaşı, dövlətimizin başçısı vaxtilə Vaqif poeziya günlərinin ənənəvi olaraq keçirildiyini vurğulayaraq diqqətə çatdırmışdır ki, Şuşada Vaqif poeziya günləri bərpa edilməlidir, “Xarıbülbül” festivalı bərpa olunmalıdır.
2021-ci il yanvarın 14-də Şuşaya səfər edən Azərbaycan Prezidenti İlham Əliyev son dəfə 39 il bundan əvvəl ümummilli lider Heydər Əliyevin şəhərə tarixi və unudulmaz səfəri zamanı gəldiyini diqqətə çatdıraraq bildirdi ki, qəhrəman Azərbaycan Ordusu mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Şuşanı işğalçılardan azad etmişlər və uzun fasilədən sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırılmışdır: “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib. Biz gördük ki, ancaq öz gücümüzlə öz torpaqlarımızı azad etməliyik və bunu etdik”.
Prezident İlham Əliyev bildirib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir: “Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz”. Dövlətimizin başçısı bildirmişdir ki, mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Şuşanın əsl tarixi simasının və qədim mədəni abidələrinin bərpası Azərbaycan memarlıq üslubunu əks etdirməli, çox zəngin mədəni həyat olmalı və Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar: “Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”.
Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamında vurğulanır ki, şəhərin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği mühüm əhəmiyyət kəsb edir. Bununla yanaşı, bu mühüm sənəddə göstərilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir.
2021-ci il mayın 12-13-də hər bir azərbaycanlı üçün müqəddəs məkanda, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, bənzərsiz və füsunkar Cıdır düzündə 29 ildən sonra yenidən “Xarıbülbül” musiqi festivalı keçirildi. Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsinə həsr edilmiş möhtəşəm “Xarıbülbül” musiqi festivalı düşmənə, bu müqəddəs şəhərə yad olan ünsürlərə həm də cavab oldu. Nəticədə, Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, Xarıbülbül Qarabağın azadlıq rəmzinə çevrildi.
2021-ci il avqustun 30-da Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşadakı Yaradıcılıq Mərkəzində “Yaddaş. Fotoqrafik tarix”, Rəsm Qalereyasında “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” və Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilər açıldı. Hər üç sərgidə nümayiş olunan qiymətli sənət nümunələri dünənlə bu günün vəhdətini yaratmaqla yanaşı, xalqımızın bənzərsiz sənətkarlıq xüsusiyyətlərini nümayiş etdirdi.
Bununla yanaşı, Vaqif Poeziya Günləri çərçivəsində Şuşada Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirən “Yaddaş. Fotoqrafik tarix” adlı fotosərgidə, Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm aktları, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək, bir sıra rayon və şəhərlər yerlə-yeksan olunduğu, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edildi. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olundu.
2021-ci il iyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad edilən, Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhərinə səfər etməsi və iki dost, qardaş dövlət arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisədir.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxışlarında bildirdilər ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaqdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin “Rəsmi Qəzet”də dərc edilərək qüvvəyə minməsi haqqında qərarı imzaladı. Eyni zamanda, Bəyannamə 2022-ci il fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqləndi.
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzaladı.
Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra dünyaya nümunə olan Azərbaycan-Türkiyə həmrəyliyi və strateji tərəfdaşlığı daha da yüksək səviyyəyə qalxdı, xüsusilə regional təhlükəsizlik baxımından müstəsna əhəmiyyət kəsb edən müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm hadisə kimi tarixə yazıldı.
Bununla yanaşı, 2022-ci il martın 31-də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildi.
Qeyd etmək lazımdır ki, 2022-ci il aprelin 22-23-də dünyanın 65 ölkəsindən 400-dən çox soydaşımızı bir araya gətirən Dünya Azərbaycanlılarının Zəfər Qurultayının məhz Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada keçirilməsi böyük rəmzi, həmçinin siyasi məna daşıyır. Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallıq göstərən insanlar Azərbaycanın tarixinə şəhidlərimizin qanı bahasına şərəfli səhifə, qəhrəmanlıq salnaməsi kimi yazıldığı əziz və doğma Şuşa şəhərində toplandı. Xüsusilə qeyd etmək lazımdır ki, Zəfər Qurultayında 230-a yaxın xarici ölkə vətəndaşı olan soydaşlarımız, o cümlədən 36 alim və 36 iş adamı iştirak etmişdir.
Eyni zamanda, İkinci Qarabağ müharibəsindən sonra qazanılan tarixi Qələbə, xüsusilə Azərbaycanın 44 günlük Vətən müharibəsindəki hərbi, diplomatik və informasiya məkanındakı uğurları nəticəsində yaranmış reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında yeni yanaşmalar tələb edir. Ona görə də Şuşa Qurultayında əsas mövzular arasında postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili dayandı. Buraya bir tərəfdən tarixi Vətənlə əlaqələrin gücləndirilməsi, yeni nəslə vətənpərvərlik hisslərinin aşılanması və Azərbaycan dilinin həftəsonu məktəbləri çərçivəsində tədrisinin təşkili, eləcə də şəbəkələşmə və müxtəlif səpkidə kampaniyaların hazırlanması kimi icmadaxili fəaliyyətlər daxil idi. Digər tərəfdən isə yerli ictimaiyyət və beynəlxalq təşkilatlar, xüsusilə də siyasi və akademik dairələrlə yeni dövrün tələblərinə uyğun münasibətlərin qurulması ətrafında müzakirələrin diqqət mərkəzində saxlanılması mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin İkinci Qarabağ müharibəsinin gedişində xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri və xalqa müraciətləri bütün dünyada yaşayan azərbaycanlıları ölkəmizin milli maraqları, birlik və həmrəyliyi istiqamətində birləşdirici amilə çevrildi. Dövlətimizin başçısı İlham Əliyevin Zəfər Qurultayında konseptual xarakter daşıyan nitqi postmünaqişə dövründə ölkəmizin mövqeyi ilə yanaşı, diaspor fəaliyyətinin inkişafı üçün də əsas hədəfləri aydın şəkildə özündə ehtiva etdi.
Prezident İlham Əliyev çıxışı zamanı Şuşada keçirilən Qurultayın çox böyük tarixi məna daşıdığını bildirərək qeyd etmişdir ki, bu gün Azərbaycan yeni dövrə qədəm qoyub: “Biz otuz il işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi - mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün – xaricdə yaşayan azərbaycanlılar üçün”. Ancaq bu gün vəziyyətin tam fərqli olduğunu vurğulayan dövlətimizin başçısı demişdir: “Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq. Mən tam əminəm ki, bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, Azərbaycan dövləti qalib dövlət kimi əbədi yaşayacaq. Biz öz torpağımızdayıq. Bu torpaqda möhkəm dayanmışıq və heç kim heç vaxt bu torpaqlardan bizi tərpədə bilməz”.
Azərbaycan Prezidentinin Qurultayın açılışında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan postmüharibə dövrünə tam hazırdır və öz sülh gündəliyini təqdim edir. Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə biz bir daha xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq.
Artıq işğaldan azad edilmiş Şuşada keçirilən mühüm tədbirlər - “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı, Dünya Azərbaycanlılarının V Zəfər Qurultayı, “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum, Beynəlxalq Kulinariya Festivalı, “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans və digər tədbirlər dünya ictimaiyyəti tərəfindən də böyük maraqla izlənilir.
Bununla yanaşı, Şuşada keçirilən tədbirlər ermənilərin işğal vaxtı törətdikləri vandalizm aktları, xüsusilə tarixi memarıq abidələrimizin vəhşicəsinə dağıdılması, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri ilə beynəlxalq ictimaiyyətin daha yaxından tanış olması baxımından mühüm siyasi əhəmiyyət kəsb edir.
Bu mənada, 2022-ci il martın 18-də Şuşa şəhərində keçirilən Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantıda postmünaqişə reallıqlarında Azərbaycanın yeni prioritetləri və imkanları müzakirə obyekti oldu. Bununla yanaşı, aprelin 28-də Şuşada keçirilən “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimləri və media nümayəndələri iştirak etdilər. Vacib platforma kimi mühüm əhəmiyyət kəsb edən Şuşa forumunda postmünaqişə dövründə Cənubi Qafqaz regionunda sülhə və sabitliyə nail olmaq imkanları panel iclaslarında geniş müzakirə edildi.
2022-ci il mayın 12-15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən, eləcə də Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuş, həmçinin üç gün davam edən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalına xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılması Şuşa şəhərinin işğaldan azad ediləndən sonra festivalın beynəlxalq səviyyədə keçirildiyinin əsas göstəricisi idi.
2022-ci il mayın 18-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak edən Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan parlament nümayəndə heyətləri Şuşa şəhərinə səfər etdilər. Eyni zamanda, mayın 19-21-də isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirildi. “Mədəniyyət naminə sülh” qlobal çağırışının əsas istiqaməti post münaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir.
Bu baxımdan, 2022-ci ildə keçirilən tədbirlər bir daha onu təsdiq edir ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa artıq siyasi fikir, ictimai düşüncə və diplomatik mərkəzə çevrilməkdədir.
Tarixi və strateji baxımdan Şuşanın Azərbaycan üçün nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini bildirən ümummilli lider Heydər Əliyev demişdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Prezidenti İlham Əliyev Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamda deyilir ki, bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır.
Azərbaycan Prezidenti bildirmişdir ki, Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir: “Əslində, həmişə belə olub. Sadəcə olaraq, mənfur düşmən bütün tarixi abidələrimizi dağıdıb. Amma biz bərpa edəcəyik. Onların əsl simasını qaytaracağıq. Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaqdır”.