Vüqar Rəhimzadə: Şuşa Bəyannaməsinin gələcəkdə dərsliklərə salınması Türkiyə-Azərbaycan qardaşlığının təbliğində əhəmiyyətli rol oynayacaq
“Ötən il Azərbaycanda 15 İyun-Milli Qurtuluş Günü tamamilə fərqli bir ab-havada qeyd edildi. Torpaqlarımızın işğaldan azad edilməsindən, ədalətin bərpasından sonra ilk dəfə dövlətçilik tariximizin şanlı səhifəsi olan Milli Qurtuluş Gününü Zəfər ruhunda azad Qarabağda, azad Şuşada qeyd etdik.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri ilə yanaşı, dost, qardaş Türkiyə ilə münasibətlərin inkişafına verdiyi töhfələr, bu istiqamətdə göstərdiyi səylər geniş təhlil olundu. Milli Qurtuluş bayramı, eyni zamanda, bu baxımdan mühüm və diqqətçəkən oldu ki, həmin gün Azərbaycan Prezidenti İlham Əliyev qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Şuşada qarşıladı və iki böyük lider burada dostluğun, qardaşlığın, müttəfiqliyin təsdiqi olan sənədi imzaladılar. Çağdaş tariximizə Şuşa Bəyannaməsi kimi yazılan bu sənəd siyasi əhəmiyyəti ilə dünyanın diqqətində oldu. Şuşa Bəyannaməsinin imzalanmasının məhz Milli Qurtuluş Gününə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var idi. Bu tarixin təkrarlanmasının və oxşar hadisələrin yenidən baş verməsinin şahidi olduq. Artıq bir ildir ki, Bəyannamədə əksini tapan müddəalar geniş şəkildə şərh olunur, qarşıdakı dövrdə Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı üçün yaradılan imkanlar diqqətə çatdırılır. Azərbaycan-Türkiyə münasibətləri həqiqətən də daim dünyaya nümunə olub. Bu birlik bölgədə sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. Hər iki qardaş ölkənin siyasi iradəsi, qətiyyəti əsasında reallaşan qlobal və regional layihələr dövlətlər, xalqlar arasında dostluq körpüsü kimi dəyərləndirilir. Bu birlik İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 gündə, həmçinin postmünaqişə dövründə dünyanın diqqətini bir daha özünə çəkdi. “Azərbaycan tək deyil” mesajını dünyaya ünvanlayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imzalanması zamanı hətta Şuşada ölkəsinin Baş konsulluğunun açılacağını da bəyan etdi. Qardaş Türkiyənin Azərbaycana, eyni zamanda, Azərbaycanın Türkiyəyə dəstəyi fonunda günbəgün möhkəmlənən bu birliyi, həmrəyliyi dövlət başçısı İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında "Aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bu, özü hər şeyi deyir" fikirləri ilə ifadə etdi.”
1news.az xəbər verir ki, bu fikirləri Yeni Azərbayacan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Şuşa Bəyannaməsinin imzalanmasının bir illiyi ilə bağlı düşüncələrini KİV-ə açıqlayarkən bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə müttəfiqliklərini rəsmi şəkildə elan etdilər: “Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Burada qeyd edilir ki, iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə bir-birlərinə hərbi-siyasi dəstək verəcəklər. Bəyannamədə bildirilir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.”
“Belə bir müddəanın Bəyannamədə qeyd olunması Ermənistandakı revanşist qüvvələrə və onların havadarlarına ciddi mesajdır” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid hallarının baş verməsi halında, öz ordusu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Sənəddə, həmçinin Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması ilə bağlı əks olunan məsələlər regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına zəmin yaratmaq baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanla Türkiyəni birləşdirən bu dəhliz türk dövlətlərinə böyük üstünlük qazandıracaq.
Vüqar Rəhimzadə bildirib ki, Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti olduqca böyükdür: “Bəyannamənin məhz Şuşada imzalanması ilə rəsmi Bakı öz qələbəsini bir daha təsdiqlədi. Sənədin imzalandığı məkan təbii ki, mühüm əhəmiyyət kəsb edir. Bölgənin ən yeni tarixi üçün Şuşa Bəyannaməsinin önəmi qarşıdakı illərdə daha da artacaq.”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Tükiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” fikirlərini önə çəkən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, qardaşlığımızın sübutu üçün təkcə 44 günlük Vətən müharibəsi dövründə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi bəyanatlara diqqət yetirmək kifayətdir: “Bir mühüm məqamı da qeyd edək ki, işğalçı Ermənistan zaman-zaman Azərbaycanla yanaşı, qardaş Türkiyəyə də qarşı əsassız “erməni soyqırımı” iddiasını irəli sürür. Qardaş ölkəyə qarşı bu məsələnin bir təzyiq vasitəsi kimi istifadə edildiyi məlumdur. Bu məsələ daim gündəmə gətiriləndə rəsmi Ankara bütün dünya arxivlərinin açılmasının, tarixçilərdən ibarət Türkiyə-Ermənistan birgə komissiyasının yaradılmasının vacibliyini bildirdiyi halda, qarşı tərəf fakt qarşısında acizliyini büruzə verərək əsassız şəkildə bu məsələ ilə tarixçilərin deyil, siyasətçilərin məşğul olmalı olduğunu iddia edir.”
Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan - Türkiyə birliyinin zirvədə olduğunu təsdiqləyən Şuşa Bəyannaməsində də bu müddəa öz əksini tapır ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir: “Sözügedən tarixi sənəd özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir. Dövlət başçısı İlham Əliyevin “Bir millətin iki diasporu ola bilməz” çağırışı Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətinin dərinləşməsində özünü qabarıq şəkildə büruzə verir. Şuşa Bəyannaməsində yer alan müddəalardan biri də Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın gücləndirilməsi, ümumtürk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Dövlətləri Təşkilatı) və əlaqədar qurumlar çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilməsidir. İki ölkə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması, həmçinin bununla bağlı qanunun hər iki ölkənin dövlət başçıları tərəfindən təsdiqlənməsi, Azərbaycan-Türkiyə Birgə Media Platformasının yaradılması hədəflərə yüksək səviyyədə nail olmağa geniş imkanlar açır.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Azərbaycan-Türkiyə əlaqələrinin gələcək inkişafı üçün yol xəritəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin siyasi əhəmiyyətindən bəhs edərkən bu məqam xüsusi qeyd edilir ki, 44 günlük İkinci Qarabağ müharibəsinin formalaşdırdığı reallıqlar fonunda yeni əməkdaşlıq formatlarının yaradılması zərurəti ortaya çıxır ki, bu da öz növbəsində bölgədə sülhün, təhlükəsizliyin təminatına yol açır.
Vüqar Rəhimzadə bu birliyin təcəssümü kimi mayın 28-də Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalından da bəhs edib. Bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi “Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?” kimi fikirləri iki dost ölkənin əlaqələrinin ən yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir: “Dünyaya örnək olan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığını təsdiqləyən xeyli sayda faktlar sadalamaq olar. Gələcəkdə dərsliklərə salınacaq Şuşa Bəyannaməsi bu qardaşlığın mühüm tarixi hadisə kimi yaddaşımıza həkk olunmasında və təbliğində əhəmiyyətli rol oynayacaq.”
1news.az