Rəşad Dağlının oğlundan MÜRACİƏT: “Bizə pis təsir edir”
Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif videomüraciət yayımlayıb.
1news.az xəbər verir ki, o, atası üçün atılan addımlardan ailənin narahat olduğunu bildirib. Yusif üzərində atasının şəkli olan köynəklərin yığışdırılmasını istəyib:
"Atamı sevənlərə, dəstək olanlara, dua edənlərə minnətdaram. Atamla bağlı hər hansı bir addımın atılmasını istəmirik. Çünki həmin hərəkətlər birmənalı qarşılanmır və bizə pis təsir edir. Dua edin yetər".
Bununla bağlı video Rəşad Dağlının və Yusifin öz şəxsi səhifəsində paylaşılıb. Yusif atasının profilini əmisinin işlətdiyini deyib.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.