Ramin Binnətov 44 yaşında İT karyerasına başladı: “Təhsil daim inkişaf etmək deməkdir və mən heç bir fürsəti əldən vermirəm” - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Binnətov 44 yaşında İT karyerasına başladı: “Təhsil daim inkişaf etmək deməkdir və mən heç bir fürsəti əldən vermirəm” - FOTO

09:50 - 01 / 02 / 2023
Ramin Binnətov 44 yaşında İT karyerasına başladı: “Təhsil daim inkişaf etmək deməkdir və mən heç bir fürsəti əldən vermirəm” - FOTO

Keyfiyyətli təhsil almaq, layiqli, yaxşı əməkhaqqı təklif edən iş tapmaq heç kim üçün asan deyil. Əlilliyi olan insanlar üçün isə bu, xüsusilə çətindir.

Azərbaycanda 2022-ci ilin rəsmi statistikasına əsasən, 560 minə yaxın insan əlilliyə görə müavinət alan kimi qeydiyyatdadır. Bu, əhalinin təxminən 5%-nı təşkil edir.

“Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi təkcə məktəbi bitirən gənc məzunlar üçün deyil, həm də ixtisasa yiyələnmək və iş tapmaq istəyən yetkin nəslin nümayəndələri, o cümlədən əlilliyi olan şəxslər olmaqla hər kəs üçün peşə təhsili imkanları yaradır.

5,6 milyon avro büdcəsi olan layihə Avropa İttifaqı tərəfindən tam maliyyələşdirilir və
BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən həyata keçirilir.

Mövzu üzrə oxuyun:

Azərbaycanda peşə məktəblərinin məzunları üçün yeni imkanlar: Karyeranı 17 yaşında başla

Bu ilin may ayında layihə çərçivəsində böyük verilənlər bazalarını idarə etməyə imkan verən yeni İT ixtisası – “Structured Query Language” (strukturlaşdırılmış sorğu dili - SQL) üzrə kursa start verilib.

Kurs, həmçinin əlilliyi olan şəxslərə məşğələlərdə tam şəkildə iştirak etmək imkanı yaradıb. Belə ki, məşğələlər həm onlayn, həm də əyani formatda keçirilib.

Bu inklüziv kursun fəal iştirakçılarından biri də hərəkət qabiliyyəti məhdud olan Xırdalan sakini Ramin Binnətov olub. 44 yaşı olan Ramin bank məsləhətçisindən mühasibədək müxtəlif vəzifələrdə çalışsa da, son illər özündə informasiya texnologiyaları (İT) sahəsində işləmək həvəsini kəşf edib və bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməyə başlayıb.

“Uzun müddət bu sahədə təlim imkanları axtardığım üçün Bakıda “SQL Developer” ixtisası üzrə kursun açıldığını öyrənəndə sevindim. Bu, hələ ölkəmiz üçün yeni İT ixtisası olsa da, çox perspektivlidir. Bütün böyük təşkilatlar tədricən bu iş sisteminə keçir və bu sahədə mütəxəssislərə böyük ehtiyac var”, - Ramin deyir.

Raminin sözlərinə görə, təlimlərin təşkili hərtərəfli düşünülmüşdü.
Belə ki, məlumatlar aydın şəkildə qurulmuş və müəllimlərin peşəkar təcrübəsinə əsaslanaraq praktiki baxımdan təqdim edilmişdir.

İmtahandan uğurla keçən qəhrəmanımız oktyabr ayında kursu müvəffəqiyyətlə tamamlayıb. İndi onun İT nəhəngi “Microsoft”dan beynəlxalq sertifikat almaq imkanı var.

Ramin Binnətovun Azərbaycanda “Microsoft SQL” sertifikatı alan əlilliyi olan ilk şəxs olmaq şansı var. Bu sertifikat onun qarşısında, xüsusən də iri yerli və xarici şirkətlərin İT departamentlərində, eləcə də dövlət sektorunda perspektivli iş imkanları açır.

“İT sahəsi məni həm də fiziki iş yerinə bağlı olmadan məsafədən işləmək imkanı ilə cəlb edir. Bu halda mən evdən, evin yaxınlığındakı parkdan, bir sözlə, istənilən yerdən çalışa bilərəm. Bu, fiziki məhdudiyyəti olan insanlar üçün böyük bir üstünlükdür”, - o deyir.

Yeniyetmə yaşlarında idmanda aldığı zədə nəticəsində sağlamlıq imkanları məhdudlaşsa da, Ramin daim aktiv həyat tərzi sürüb. O, Paralimpiya Hərəkatında iştirak edib, 2015-ci il Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərib, hazırda isə öz həmkarları ilə birlikdə Azərbaycanda inklüziv kulinariya assosiasiyasının yaradılması üzərində çalışır.

Bununla yanaşı, Ramin yeni biliklər əldə etmək şansını da əldən vermir. “İstənilən təhsil – ali və ya orta təhsil, uzunmüddətli proqram və ya qısamüddətli kurs, yaxud sadəcə maraqlı bir insan ilə söhbət – daim inkişaf üçün fürsətdir. Mən belə imkanları əldən verməməyə çalışıram”, - o deyir.

“Hesab edirəm ki, təhsil 19 yaşında bitməməli, insanı bütün həyatı boyu müşayiət etməlidir. Yalnız bu halda zamanla ayaqlaşa və tələbat yüksək olan peşəkara çevrilə bilərik”, - Ramin əlavə edir.

“Gələcək üçün peşə təhsili və təlimi” layihəsi 4-ü Bakıda, 4-ü isə Gəncə, Cəlilabad və Şəki rayonlarında fəaliyyət göstərən 8 peşə təhsil müəssisəsini əhatə edir.

Layihənin peşə təhsil müəssisəsi ilə birgə təşkil etdiyi qısamüddətli inklüziv kurslarda 15-20 nəfər iştirak edir ki, onlardan 3-5 nəfəri sağlamlıq imkanları məhdud şəxslər arasından seçilir. Layihədən bildirilib ki, indiyədək bu kurslara ümumilikdə 300 tələbə qəbul olunub. Keçirilən kurslar tamamilə pulsuzdur.

Təklif edilən peşələr sırasında aşpaz, şirniyyatçı, dərzi, florist, vitraj ustası, bərbər, həmçinin SMM və proqramlaşdırma mütəxəssisi kimi peşələr var. İxtisaslar əmək bazarının tələbləri əsasında, həmçinin özəl və dövlət sektorunda fəaliyyət göstərən iri işəgötürənlərlə, eləcə də peşə təhsil müəssisələrinin mütəxəssisləri ilə müzakirələr nəticəsində seçilib.

Layihə peşə təhsilinin populyarlaşdırılması, tədris və məşğulluq üçün metodiki bazanın yaradılması ilə yanaşı, həm də müəllimlərə dəstək verir, təhsil innovasiyalarının tətbiqini və peşə məktəblərinin infrastrukturunun müasirləşdirilməsini həyata keçirir. İnklüziv kurslarda çalışan 40-a yaxın müəllimə sağlamlıq imkanları məhdud tələbələrlə işləmək üzrə öncədən xüsusi təlim proqramı keçirilib.

#SənDəPeşəyəGəl peşə təhsilinin imkanları haqqında informasiya kampaniyasının heştəqidir. Bu heştəqdən istifadə edərək mövcud kurslar və peşə təhsili üzrə yeniliklər barədə faydalı məlumatlar əldə edə bilərsiniz.

Yelena Ostapenko

Məqalə “EU NEIGHBOURS east” layihəsi çərçivəsində hazırlanıb

Paylaş:
782

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər