Polietilen torbaların ödənişli olmasında məqsəd nədir? - Nazir müşavirindən AÇIQLAMA
15 fevraldan Azərbaycanın ticarət şəbəkələrində və marketlərdə polietilen torbalar ödənişli olub.
Bununla bağlı göstəriş Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ticarət şəbəkələrinə göndərilən məktubda qeyd olunub.
Bidirilib ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır.
Dəyişikliyə əsasən, artıq ticarət şəbəkələri və mağazalarda iri ölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçik ölçülü torbalar isə 3 qəpiyə satılmağa başlanıb.
Bu məsələ ötən gündən sosial şəbəkələrdə geniş müzakirə olunur, hətta bir çox marketdə müştərilər satıcılara etirazlarını bildirirlər,
Bəs görəsən bu addımın atılmasında məqsəd nədir?
Məsələ ilə bağlı 1news.az-a danışan ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə deyib ki, bu tədbirlərin görülməsi polietilen torbalardan istifadəni azaldacaq.
“Digər ölkələrin, təcrübələri də bunu göstərir. Türkiyədə ticarət obyektlərində polietilen torbalardan pullu olduqdan sonra ilk yarım ildə təxminən 40 faizə qədər onlardan istifadə azaldı. Bəzi ölkələrdə hətta pullu olduqdan sonra polietilen torbalardan istifadə 70-80 faizə qədər azalıb. Bu da o deməkdir ki, sonradan onların tullantı şəklində atılması da azalmışdı. Bi düşünürük ki, bu həm də alış-veriş mədəniyyətini formalaşdıracaq, biznes qurumlarının da məsuliyyətli olmasına gətirib çıxaracaq. Birgə səylərlə ətraf mühitə mənfi təsirləri azaldacağıq”.
R.Səttarzadə bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə 15-50 mikron qalınlığında, yüngül çəkili polietilen torbaların istehlaçılara ayrıca məhsul kimi pullu təqdim etməsi məsələsi ümumiyyətlə plastik tullantıların ətraf mühitə mənfi təsirini azaltmaq məqsədi daşıyır.
“Bəzi plastik vasitələrin dövriyyəsini mərhələlərlə azaldılması nəzərdə tutulur. Bu, beynəlxalq təcrübədir. Plastik vasitələrin ətraf mühitə təsirini azaltmaq üçün müxtəlif tədbirlər görülür. O tədbirlərdən biri də polietilen torbaların ayrıca məhsul kimi satılmasıdır. Bizim bununla bağlı müsbət tərcübəmiz də var. 2 il bundan qabaq qalınlığı 15 mikrona qədər olan polietilen torbaların mərhələlərlə məhdudlaşdırılması həyata keçirildi. Artıq biz deyə bilərik ki, bu ən yüngün və təkrar emala yararsız olan polietilen torbalardan istifadə təxminən sıfıra enib. Bu da ətraf mühitə müsbət təsirlə nəticələnib”.