Deputat: Azərbaycan-Ermənistan dialoqu sülhə real töhfə verə bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat: Azərbaycan-Ermənistan dialoqu sülhə real töhfə verə bilər

11:32 - Bu gün
Deputat: Azərbaycan-Ermənistan dialoqu sülhə real töhfə verə bilər

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması artıq real nəticələrlə özünü göstərir”.

Bu barədə 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.

Deputat qeyd edib ki, Vaşinqton sammitində əldə olunan razılaşmalar tərəflərin dayanıqlı sülh istiqamətində praktik addımlar atmasını şərtləndirir:

“İki gün öncə Cenevrədə Parlamentlərarası İttifaqın 151-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlament sədrlərinin bir araya gəlməsi bu baxımdan müsbət addımdır”.
“Rəsmi məlumatdan da göründü ki, spikerlər konstruktiv dialoqu davam etdirməyə hazırdırlar. Parlament diplomatiyası bu prosesə yalnız müsbət təsir göstərə bilər”.

Nigar Məmmədova həmçinin vurğulayıb ki, İrəvanda vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü də qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir:

“Belə görüşlər sabit iqtisadi əməkdaşlığın inkişafı, eləcə də birbaşa və uzunmüddətli əlaqələrin qurulması üçün önəmlidir”.
“Hesab edirəm ki, bu cür təmaslar intensiv xarakter almalıdır. Vətəndaş cəmiyyətlərinin birgə təşəbbüsü və hər iki ölkənin rəsmi strukturlarının dəstəyi ilə analoji formatda görüş Bakıda da təşkil oluna bilər. Bu, iki ölkə arasında sülh prosesi, humanitar məsələlər və digər mövzuların müzakirəsi baxımından vacib platforma ola bilər”.

Deputatın sözlərinə görə, sosial qrupların, vətəndaş cəmiyyəti institutlarının, ekspert çevrələrinin və medianın prosesə cəlb olunması daha effektiv nəticələr əldə etməyə imkan verəcək.

O, həmçinin Azərbaycan tərəfinin atdığı sülhyönümlü addımlara diqqət çəkib:

“Azərbaycan artıq Ermənistana işğaldan bəri mövcud olan tranzit məhdudiyyətlərini aradan qaldırıb”.
“İlk tranzit yüklər Qazaxıstanın Ermənistana göndərdiyi taxıl olub. Prezident İlham Əliyev bu barədə Qazaxıstana dövlət səfəri zamanı bəyan edib. Ermənistanın baş naziri Nikol Paşinyan da bu jestə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Bu, sərhədlərin açılması demək olmasa da, Bakının sülhə sadiqliyini göstərir”.

Nigar Məmmədova bildirib ki, Azərbaycan yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır və müharibədən dərhal sonra Ermənistana sülh əli uzadıb:

“Azərbaycanın sülhyönümlü addımı qarşı tərəf üçün ən böyük güzəştdir”.
“İrəvan Bakının praqmatik mövqeyini düzgün qiymətləndirməlidir. Regionun gələcəyi bölgə dövlətləri arasında normal münasibətlərin qurulmasından asılıdır. Vaşinqton sammitindən sonrakı mərhələ heç bir halda sülh istiqamətində itirilmiş dövrə çevrilməməlidir. Burada əsas məsuliyyət Ermənistanın üzərinə düşür”.

Paylaş:
255

Son xəbərlər

Füzulidə ev yanıb

Bu gün, 10:49
Bütün xəbərlər