Prezident həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.
1news.az xəbər verir ki, sərəncama əsasən, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2023-cü il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2023-cü il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.