Prezident Kolumbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın etimadnaməsini qəbul edib.
1news.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Səfir Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi, ölkələrimizin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin uğurla inkişaf etdiyini bildirdi. Minatəmizləmə sahəsində kolumbiyalı mütəxəssislərin Azərbaycanda fəaliyyət göstərdiyi qeyd olundu. Luis Fernando Kuartas Ayala ölkələrimiz arasında turizm sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.
Səfir ölkəmizdə akkreditə edilmiş diplomatik korpusun nümayəndələrinin Ağdama səfərində iştirak etdiyini, həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə yerində tanış olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycan ilə Kolumbiya arasında siyasi əlaqələrin məmnunluq doğurduğunu vurğuladı, ölkələrimizin BMT, Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyini və daim bir-birini dəstəklədiyini dedi.
Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı, mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini bildirdi.
***
11:11
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kolumbiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Fernando Kuartas Ayalanın etimadnaməsini qəbul edib.
1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.