İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi başlayır
27 yanvarda Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı ibtidai istintaq işi yekunlaşıb.
1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Tehranın Ümumi və İnqilab Məhkəməsinin Prokuroru Əli Salehi deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi kifayət qədər operativ və dəqiqliklə aparılıb.
Salehi bildirib ki, Azərbaycan səfirliyinə hücum bir səfirlik əməkdaşının qətlə yetirilməsi və səfirlik əməkdaşlarının yaralanması, eləcə də səfiliyin əmlakına xəsarətin yetirilməsi ilə nəticələnib.
Əli Salehinin sözlərinə görə, bu işlə bağlı digər şübhəli məqamlar da mövcuddur.
Salehi əlavə edib ki, Tehran Cinayət Məhkəməsində istintaq prosesində müttəhimə Azərbaycan səfirliyində odlu silahdan istifadə etməklə qəsdən adam öldürmək, bir ədəd “Kalaşnikov” silahı, bir ədəd tapança kimi odlu silah gəzdirmək və saxlamaq, ictimai asayişi pozmaq kimi müxtəlif ittihamlar irəli sürülüb. Digər ittihamlar, səfirliyin əmlakını məhv etmək, Azərbaycan vətəndaşları olan səfirlik əməkdaşlarını qəsdən yaralamaq kimi şikayətçilər tərəfindən irəli sürülən ittihamlarla bağlı cinayət işi açıqdır.
Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində səfirliyin 1 əməkdaşı şəhid olub, iki əməkdaşı yaralanıb.