Məscidlərə təyin olunan din xadimlərinin təhsil aldıqları müəssisələr açıqlanıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərə təyinat alan din xadimlərinin təhsili ilə bağlı statistik məlumatları açıqlayıb.
1news.az xəbər verir ki, Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri Elnarə Kərimova din xadimlərinin 131-nin ali dini, 46-sının isə orta ixtisas dini təhsil aldıqlarını bildirib.
Onun sözlərinə görə, ölkə daxilində ali dini təhsil almış şəxslərin 99 nəfəri Bakı İslam Universiteti, 12-si Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi, 8-i Azərbaycan İlahiyyat İnstitutu, 1-i keçmiş Qafqaz Universitetinin məzunudur. Eyni zamanda orta ixtisas dini təhsili almış şəxslərdən 17-si Əliabad İslam Kolleci, 14-ü Xosrov İslam mədrəsəsi, 8-i Şəbnəm İslam Kolleci, 7-si Şəki Pedaqoji Texnikumu, 1-i Lənkəran İslam Kollecini bitirib.
"Vəzifəyə təyin olunan din xadimlərindən 5-i Türkiyə (3 nəfər Ərciyəs Universiteti, 1 nəfər Marmara Universiteti, 1 nəfər Səlcuq Universiteti), 3-ü Rusiya Federasiyasının Dağıstan Respublikası (1 nəfər Buyraks Universiteti, 2 nəfər Dağıstan İslam Universiteti), 5-i İran İslam Respublikası (Əl-Mustafa Universiteti), 1-i Misirdə (Əl-Əzhər Universiteti) ali dini təhsil almış şəxslərdir", - şöbə müdiri qeyd edib.