Gənclər günündə STP Şirkətlər Qrupu “Sabahın Gücü” İnkişaf Proqramının ilk məzunları təltif olundular
Gənclər günündə STP Şirkətlər Qrupu “Sabahın Gücü” İnkişaf Proqramının ilk məzunları təltif olundular.
“Sabahın Gücü” inkişaf proqramı ölkədə ilk dəfə olaraq STP Şirkətlər Qrupu tərəfindən mühəndislik sahəsində təhsil alan gənclərin sənaye mühəndisliyi istiqamətində peşəkar inkişafını yüksəltmək məqsədilə yaradılan proqramdır.
Proqramın məqsədi ölkəmizdə aparılan kadr potensialının yüksəldilməsi siyasətinə töhfə verməklə yanaşı, müasir çağırışlara uyğun olaraq sənaye sahəsində fəaliyyət göstərəcək uğurlu gənc kadrların yetişdirilməsi və son nəticə olaraq ölkə gənclərinin inkişafına dəstək verməkdir.
2023-cü ildən start götürən proqram gənclərin böyük marağına səbəb olmuşdur. Belə ki, layihənin ilk ayında proqrama qoşulmaq arzusunda olanların sayı 1000 nəfərə qədər çatmışdır. Sonrakı mərhələlərdə seçim turlarını keçən 50 nəfər gənc arasından 43 nəfəri proqramı uğurla bitirmiş və bu gün təşkil olunan tədbirdə sertifikatla təltif olunmuşlar. Proqram müddətində təcrübəçilərin texniki biliklərinin və yumşaq bacarıqlarının artırılması məqsədilə müxtəlif təlimlər təşkil edilməklə yanaşı, onların peşəkar hazırlığını təmin etmək üçün STP-nin əməkdaşlarından ibarət mentorlar komandası proqrama cəlb edilmişdir. İnkişaf proqramına sənaye, mexanika, kimya və elektrik mühəndisləri, proseslərin avtomatlaşdırması və informasiya texnologiyaları üzrə mütəxəssislər, texniki peşə sahibləri cəlb edilmişdir.
Tədbirdə çıxış edən STP şirkətlər qrupunun baş insan resursları inzibatçısı, “Sabahın Gücü” inkişaf proqramının rəhbəri Şölə Əliyeva, STP Şirkətlər Qrupu üçün gənclərin inkişafının prioritet məsələlərdən olduğunu qeyd etdi. Son 3 ildə 250 nəfərə qədər gəncin peşəkar sənaye mühəndisi kimi yetişdirildiyini vurğulayaraq, bu istiqamətdə “Sabahın Gücü” inkişaf proqramının məqsədinin daha çox gənci prosesə cəlb etməklə, ölkə gəncləri arasında sənaye mühəndisliyi sahəsinə marağın daha da böyüdülməsi olduğunu qeyd etdi.
Proqramı uğurla bitirmiş gənclər STP şirkətlər qrupuna daxil şirkətlərlə bərabər, ölkəmizdə sənaye sahəsində fəaliyyət göstərən digər böyük şirkətlərdə iş imkanı əldə etmişlər.
Tədbirdə bir sıra ali təhsil müəssisələrin rəhbərləri iştirak edərək məzunları təbrik edib, onlara gələcək peşəkar fəaliyyətlərində uğurlar arzulayıblar. STP Şirkətlər Qrupunun rəhbərliyi öz növbəsində proqram çərçivəsində dəstək göstərən ali təhsil müəssisələrinin rəhbərlərinə təşəkkürnamələr təqdim etdi.
Həmçinin tədbirdə gələcək layihələrdə qarşılıqlı əməkdaşlıq məqsədilə Təhsil İnkişaf Fondu və STP arasında anlaşma memorandumu imzalanmışdır.