Türkiyə XİN: Bizim xarici siyasətimiz dövlətimizin və millətimizin maraqlarına əsaslanır
Türkiyə Xarici İşlər Nazirliyi Türkiyənin Yaxın Şərq və Suriya siyasətiylə əlaqədar ortaya atılan İddialarla bağlı bəyanat yayıb.
1news.az bəyanatı təqdim edir:
“Bizim xarici siyasətimiz dövlətimizin və millətimizin maraqlarına əsaslanır. Türkiyə bu anlayışa əsaslanaraq, güclü tarixi və mədəni bağlara malik olduğu Yaxın Şərqdə sülh, sabitlik və rifahı bərqərar etməyi hədəfləyir. Beynəlxalq hüquq, bəşəri dəyərlər və qlobal ədalətə nail olmaq bu siyasətin qurulmasında əsas prinsiplərimizdir.
Türkiyə Suriyada vətəndaş iğtişaşları nəticəsində baş verən humanitar faciəyə qarşı ilk gündən prinsipial mövqe nümayiş etdirir. Xarici siyasətini milli maraqlarına uyğun yeniləyən ölkəmiz milli təhlükəsizliyimizə təhdidlərə qarşı lazımi tədbirləri görməkdən çəkinmir.
Demokratik ölkələrdə konstruktiv tənqidlə xarici siyasətə töhfə vermək təbii ki, mümkündür. Lakin siyasi qazanc naminə faktların təhrif edilməsi, ideoloji təəssübkeşliyə əsaslanan ittihamlar bu kontekstdə dəyərləndirilə bilməz.
Bizim Yaxın Şərq və Suriya siyasətimizlə bağlı irəli sürülən iddialar heç bir analitik keyfiyyət daşımır və hətta təməl tarixi bilgidən belə məhrumdur.
Türkiyə illərdir bilərəkdən od halqasına çevrilmiş bir coğrafiyada sülh və sabitlik adasına çevrilməyi bacarıb. Ölkəmiz nəinki regionda gedən müharibələrdən kənarda qalıb, xalqımızın əmin-amanlığını və təhlükəsizliyini möhkəmləndirib, rifahını artırıb. Bu prosesdə müdafiə qabiliyyətini də inkişaf etdirən ölkəmiz öz coğrafiyasında uğursuzluğa düçar olsa da, terrorla sərhədlərindən kənarda da mübarizə apara bilib.
Bütün bu faktlara məhəl qoymayan, sırf siyasi maraqlar naminə əsassız ittihamlar irəli sürənlərin regionumuza nüfuz etməyə çalışan hakim güclərin vəkillərinə çevrildiklərini də nəzərdən qaçırmaq olmaz.
Biz xarici siyasətdə dövlətimizin və millətimizin mənafeyinə uyğun addımlarımızı bundan sonra da atacağıq.