Ölkəmizin qocaman vücudunun 145 yaşlı dəmir damarları - ADY | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkəmizin qocaman vücudunun 145 yaşlı dəmir damarları - ADY

Ayşən Salehli11:27 - Bu gün
Ölkəmizin qocaman vücudunun 145 yaşlı dəmir damarları - ADY

Onun işi vüsala çatdırmaq olsa da, şahid olduğu ayrılıqlar və şaxtalı sükutlar heç də az deyil.

Söz tapmadıq danışaq, dindi qatar astaca,

Səni məndən ayırar indi qatar astaca.

Baba Vəziroğlu da daxil olmaqla bir çox dəyərli şair və yazıçılarımızın əsərlərinə qonaq olan qatarlar həm səyahət, həm də xəyallara dalmaq üçün əvəzsiz bir vasitədir. Ruhumuzu nostalgiya ilə çulğalayan bu dəmir dostlar təkcə ölkə və şəhərləri bir-birinə bağlayan bir nəqliyyat növü deyil, həm də həsrətlə yanan qəlbləri vüsala yetirən vasitə, səyahət təşnəsi olan ruhlara etibarlı bir yoldaşdır. Hazırda dəmir yolu quru nəqliyyatının əsas növlərindən biridir və dünyanın ümumi yük və sərnişin daşınmalarının 10%-ni təmin edir.

1news.az xatırladır ki, dünyanın can damarı olan dəmir yollarının ilk yaranma tarixçəsi isə 1825-ci ildə İngiltərədə Liverpul-Mançester xəttinin çəkilməsi ilə bağlıdır.

Azərbaycanın dəmir yolları tarixçəsinə nəzər saldıqda isə 145 illik uzun bir yol gözlərimizin qarşısına gəlir. Ölkəmizdə bu nəqliyyat növünün yaranmasında əsas təkanverici qüvvə neft olub. Belə ki, neftin Bakı neftayırma zavodlarına və Xəzər dənizi vasitəsilə çar Rusiyasının mərkəzi rayonlarına daşınması karvan, taxta çənlər və tuluqlarda həyata keçirilirdi. Bu da baha başa gəlir və neft işinin gələcək inkişafına ciddi əngəl törədirdi. Yaşanan bütün məşəqqətlər Azərbaycanda dəmir yolunun əsasının qoyulmağında ümdə rol oynadı. Beləliklə, dəmir yolunun təməli 1878-ci ildə qoyulmuş, 1880-ci il 20 yanvar tarixində isə inşası başa çatmış və təntənəli açılış mərasimi olmuşdur. Məhz bu tarix Azərbaycanda dəmir yolunun yaranma tarixi kimi ölkə xronikasına daxil oldu. Uzunluğu cəmi 20 km olan Bakı-Suraxanı-Sabunçu dəmir yolunun istifadəyə verilməsi təkcə ölkənin yox, elə dünyanın xronikasında da unudulmaz bir hadisə idi. Çünki dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınmasına Azərbaycanda başlanıldı.

Çox keçmədi ki, eyni marşrutla sərnişin daşınmasına da start verildi. Daha sonra Abşeron yarımadasında boru kəmərləri şəbəkəsinin genişlənməsi ilə Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti bütünlüklə sərnişinlərin xidmətinə verildi.

1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinin elan olunduğu gün Fətəli xan Xoyskinin təşkil etdiyi hökumət kabinəsində ilk nazirliklərdən birinin Azərbaycan Xalq Cümhuriyyəti Yollar Nazirliyi olması da ölkəmizin dəmir yolları tarixinə həkk olunan önəmli hadisələrdən biri idi.

Azərbaycan dəmir yollarından danışarkən onun 1941–1945-ci illərdə alman-sovet müharibəsində faşizm üzərində qazanılan qələbədəki payından bəhs etməmək qəbahət olardı. Sözü gedən illərdə Azərbaycan dəmir yolları vasitəsilə 600 mindən artıq neft və neft məhsulları ilə dolu olan sistern, 700 min vaqon yük cəbhəyə göndərildi.

Azərbaycan dəmir yollarının tarix səhifələrini vərəqlədikdə 1979-cu ildə Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə inşa olunan Ağdam–Xankəndi dəmir yolundan danışa bilərik. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində isə Qarabağın sosial-iqtisadi və mədəni inkişaf dinamikası sürətləndi, habelə, Bakı ilə əlaqələr daha da möhkəmləndi. Lakin Ermənistanın təcavüzü nəticəsində bu xəttin Ağdam, Əsgəran və Xankəndi stansiyaları zəbt edildi. Nəticədə dəmir yolu təsarrüfatına da külli miqdarda ziyan dəyməsinə səbəb oldu.

Daha yaxın keçmişi xatırladıqda Azərbaycan Prezidenti İlham Əliyevin 7 oktyabr 2005-ci il tarixində imzaladığı “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamı yada düşür. Bu sərəncama əsasən Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı hər ilin məhz oktyabrın 13-ü qeyd edilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaranması isə 2009-cu ilə təsadüf etdi. “Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılmasında əsas qayə dəmir yolu nəqliyyatı sisteminin inkişafının beynəlxalq standartlar səviyyəsinə çatdırılması idi.

Vətən müharibəsi dövründə gücləndirilmiş iş rejimində çalışan “Azərbaycan Dəmir Yolları” QSC 44 gün davam edən müharibə ərzində cəbhəboyu zonada yerləşən stansiyalara və geriyə müxtəlif yüklər, o cümlədən hərbi texnika, qida məhsulları və yanacaq daşıyıblar. Xüsusən qeyd etmək lazımdır ki, qənimət götürülmüş düşmən texnikaları da Bakıya dəmir yolları vasitəsilə gətirilib. Müharibə bitdikdən sonra işğaldan azad edilən ərazilərdə dəmir yolu xətlərinin bərpasına start verilib.

- 2021-ci ildə Prezident İlham Əliyev Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlini qoyub. Bir qədər sonra dəmiryol xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb;
- Hazırda Horadiz–Ağbənd dəmir yolu xəttinin tikinti işlərinin 60 faizi yekunlaşıb;
- 2021-ci ildə həm də Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə başlanılıb;
- Bu xətt üzrə layihələndirmə işlərinin 95, tikintinin isə 94 faizi tamamlanıb;
- Birinci mərhələ üzrə Bərdə stansiyası, Köçərli stansiyası, Təzəkənd stansiyası və xidməti binaların tikintisi başa çatdırılıb;
- İkinci mərhələ üzrə Ağdam dəmiryol və avtovağzal kompleksində isə tikinti işləri davam edir;
- Həmçinin Ağdam–Xankəndi yolunun bərpası üçün layihələndirmə işlərinə başlanılıb.

Ölkəmizin dəmir yolu tarixçəsindən bəhs edərkən Azərbaycan Dəmiryol Muzeyindən də söz açmaq lazımdır. 2019-cu ildə fəaliyyətə başlayan, lakin pandemiya dövründə bağlanan muzey 2023-cü ildə yenidən qapılarını ziyarətçilərinin üzünə açıb. Olduqca maraqlı ab-havası olan muzey Bakı sərnişin stansiyasının tarixi vağzal kompleksinə daxil üç binadan biri olan köhnə “Sabunçu vağzalı”nda yerləşir. Burada bir tərəfdən Azərbaycanın dəmir yolu keçmişi və keçdiyi təkamül yolu ilə tanış olarkən, bir tərəfdən də sanki “Anna Karenina” romanının içərisinə düşmüş kimi hiss edirsiniz.

Ölkənin regional və qlobal əhəmiyyətini artıran əsas amillər

Azərbaycanın Avropa ilə Asiya arasında yerləşməsi sayəsində Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində körpü rolunu oynaması, enerji və yük daşımalarında əsas tranzit ölkələrdən birinə çevrilməsi, habelə regional sabitlik və əməkdaşlıqda etibarlı tərəfdaş olması ölkəmizin Geosiyasi Mövqeyinin önəmini ortaya qoyur.

Beynəlxalq dəhlizlərdə ADY-nin rolu

- Orta Dəhliz (Transxəzər Marşrutu): Çin–Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə yükdaşımaların əsas hissəsi ADY vasitəsilə həyata keçirilir.

- Şimal-Cənub Dəhlizi: Rusiya–İran–Hindistan xətti üzrə yükdaşımaların təşkili və infrastrukturun inkişafında ADY mühüm rol oynayır.

- Bakı–Tbilisi–Qars dəmir yolu: Bu xəttin inşası ilə Azərbaycan yüklərin Türkiyə üzərindən Avropaya daşınmasında əsas iştirakçıya çevrilib.

ADY-nin fəaliyyətində yeniliklər

Daima sərnişinlərin rahatlığı və məmnuniyyətini ön planda tutan Azərbaycan Dəmir Yolları (ADY) son illərdə bir sıra yeniliklərə imza atıb. Belə ki, İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan müasir və komfortlu qatarlar sərnişinlərin mənzil başına daha rahat və təhlükəsiz çatdırılması məqsədilə 2024-cü ildə Bakı-Ağstafa-Bakı marşrutu üzrə istifadəyə verilib. Sərnişindaşımanın miqyasının daha da genişləndirilməsi məqsədilə sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında dayanacaq verilib. Bundan əlavə, ADY-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb. Azərbaycanın bütün regionlarını əlçatan etməyi hədəfləyən ADY 2025-ci il 3 yanvar tarixindən Bakı–Balakən–Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib.

Yaradılan əsas yeniliklərdən biri də rayonlararası marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı elektron şəxsiyyət vəsiqəsinin göstərilməsinə imkan yaradılması olub. Hər bir vətəndaşın “My.gov.az” portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edərək səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin məlumatları yoxlama cihazı oxutmağa təqdim etməsi kifayətdir.

Ötən ilin sentyabr ayında Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında pulsuz “Wi-Fi” xidməti istifadəyə verilib. Sərnişin rahatlığının tam təmin edilməsi məqsədilə rayonlararası marşrutlar – Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları ilə hərəkət edən qatarlarda da pulsuz “Wi-Fi” xidməti aktiv edilib.

Görülən ən önəmli işlər sırasında qatarlarda inklüziv səyahətin təmin edilməsi məqsədilə əlilliyi olan şəxslər üçün Brayl əlifbasından istifadə durur. Bunlara oturacaqlardakı nömrələmə sistemi, məlumat lövhələrindəki yazılar, habelə giriş qapısı və sanitar qovşaq daxildir. Onlayn bilet alışı zamanı sərnişinlər üçün ADY-nin rəsmi saytında müyəssərlik menyusu seçimi yaradılıb. Müyəssərlik menyusu epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan bir çox sağlamlıq imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub. Həmin şəxslər menyuya daxil olmaqla saytın görünüşünü, kontrastını, mətnin ölçü və aralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdıra bilərlər.

Rəqəmsallaşma..

Son illərdə dünyanın nəqliyyat sistemində müşahidə olunan yeniliklər və rəqəmsallaşma “Azərbaycan Dəmir Yolları”ndan da yan keçməyib.

Son illər ADY-də:

- Güclü İKT komandası formalaşdırılıb, təcrübəli xarici Baş rəqəmsallaşma inzibatçısı (Chief Digital Officer) cəlb edilib;
- Nüfuzlu konsaltinq şirkətindən dəvət edilmiş mütəxəssislərlə birlikdə İKT üzrə inkişaf strategiyası hazırlanıb;
- Azərbaycanda və xaricdəki tərəfdaşlarla rəqəmsal elektron imza və kriptoqrafik vasitələrdən istifadə etməklə logistika dəhlizlərinin avtomatlaşdırılması istiqamətində işə başlanılıb;
- 2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqindən istifadə edənlərin sayı artaraq yüklənmə sayı 180 mini ötüb.

Mühüm nailiyyətlərdən biri də beynəlxalq daşımaları sürətləndirən vahid CIM/SMGS elektron yük qaiməsinin tətbiqidir. Bu həll bir neçə sənədi bir formatla əvəz etməyə imkan verir, gömrük prosedurlarını sürətləndirir və sərhədi keçərkən ortaya çıxa biləcək riskləri azaldır.

Kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlarda kağız biletlərin istifadəsi dayandırılıb. İndi sərnişinlər heç bir fiziki təmas olmadan NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə rahat şəkildə səfərlərini həyata keçirə bilirlər.

Sonda qeyd etmək lazımdır ki, qatarlar yarandığı gündən bəri bəşəriyyətə təkcə yol yoldaşı olmamış, həm də ədəbiyyatda ən orijinal obrazlardan biri kimi çıxış edərək çıxdığımız uzun yollarda özümüzü axtarıb tapmağımıza da kömək etmişdir. Məhz buna görə də yaşından və kimliyindən asılı olmayaraq yanından qatar ötüb keçən hər bir insan təkərlərin ritminin müşayiəti ilə vaqonların gözünün önündən axıb getməsini izləyir, baxışları ilə əl yellədərək onu məchulluğa yola salır.

Uzaqlardan gələn qatar,
Söylə, uzaqlar necədi?
Orda çiçəklər necədi,
Orda yarpaqlar necədi?

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Mətbuat Şurasının “Azərbaycan Dəmir Yolları – 145 illik inkişaf yolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Ayşən Salehli

Paylaş:
118

Son xəbərlər

Bütün xəbərlər