AYNA bu ilin 6 ayında onlayn bilet alanların sayını açıqladı

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı vasitəsilə 419 271 bilet əldə edilib.
Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Ötən ilin yanvar-iyul aylarında qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 17,5 % idisə, bu ilin müvafiq dövründə bu rəqəm 32,4 %-ə çatıb. Bu da onu göstərir ki, sərnişinlərin avtovağzal xidmətlərinə inamı artmaqdadır və səfərlərini reallaşdıran zaman onlayn bilet alışına daha çox üstünlük verirlər.
Qeyd edək ki, “biletim.az” portalında 51 şəhər və rayona, 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 330 reys olmaqla 376 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Xatırladaq ki, “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən işğaldan azad edilmiş ərazilərə bilet əldə edərkən Azərbaycan vətəndaşlarına buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.