Moldova XİN başçısı İranın Naxçıvana xain dron hücumunu pisləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Moldova XİN başçısı İranın Naxçıvana xain dron hücumunu pisləyib

Qafar Ağayev17:52 - 06 / 03 / 2026
Moldova XİN başçısı İranın Naxçıvana xain dron hücumunu pisləyib

Moldova Respublikası Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi İranın Naxçıvan Muxtar Respublikası istiqamətində həyata keçirilən dron hücumlarını pisləyib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.aaz-a verilən xəbərə görə, Milli Məclisin sədri Sahibə Qafarova bu gün Mixay Popşoi ilə görüşdə ölkəmizə qarşı törədilən bu hücumların qəbuledilməz olduğunu və Azərbaycan xalqı tərəfindən hiddətlə qarşılandığını bildirib.

Mixay Popşoi isə Moldovanın bu xain hücumları qətiyyətlə qınadığını söyləyərək, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğulayıb.

Qeyd olunub ki, Azərbaycan da bir çox məsələlərdə Moldovanın yanında olub, ərazi bütövlüyü və suverenlik məsələlərində ölkələrimiz bir-birinə qarşılıqlı dəstək verib. Mixay Popşoi, həmçinin Moldovada baş vermiş enerji böhranı zamanı Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova qonağa Azərbaycan ilə Ermənistan arasında davam edən normallaşma və sülh prosesi barədə məlumat verib. Qonaq, ölkəsinin sülh prosesində Azərbaycanın təşəbbüs və liderliyini alqışladıqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Paylaş:
201

Son xəbərlər

Bütün xəbərlər