“Gəncliyimdə qızlara şeir yazırdım, amma sonradan sədaqəti təbliğ etdim” - Xalq şairindən səmimi etiraf - VİDEOMÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

“Gəncliyimdə qızlara şeir yazırdım, amma sonradan sədaqəti təbliğ etdim” - Xalq şairindən səmimi etiraf - VİDEOMÜSAHİBƏ

Ayşən Salehli16:00 - Bu gün
“Gəncliyimdə qızlara şeir yazırdım, amma sonradan sədaqəti təbliğ etdim” - Xalq şairindən səmimi etiraf - VİDEOMÜSAHİBƏ

Elə insanlar var ki, onların yanında zaman dayanır, sözləri düşündürür, səsi ruha dinclik bəxş edir.

Bizə sevgini, ayrılığı, həyatı misra-misra öyrədən bu insanlardan biri də Nəriman Həsənzadədir. Onun astadan, həzin danışığı insanın könlünə sığal çəkir, sanki görünməz bir əl kimi qəlbin ən dərin qatlarına toxunur.

Beləliklə, 1news.az-ın budəfəki müsahibi Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycanın xalq şairi Nəriman Həsənzadədir.

- Ömrünüzün 95-ci baharına doğru addımlayırsınız. Bu yolda bəxtin sizə gülümsədiyi anlar da olub, üz çevirdiyi zamanlar da. Bu illər ərzində nələr qazandınız, nələr itirdiniz?

- Çox mürəkkəb sual oldu. Nələr qazandım, nələr itirdim... (düşünür-red.).

- Yəqin ki, qazancınız bu qədər insanın qəlbinə yol tapmaq, sevgisini qazanmaq olub.

- Hər bir halda qazandım ki, səhvlərim olmasın, qızım. Çalışdım ki, səhvlərim olmasın. Ancaq insan səhv edir. Ondan asılı deyil. İnsan mürəkkəb varlıqdır.

- Bəs nələri itirdiniz?

- Özümü itirdim, qızım. Səmimi deyirəm. Axı mən tamam başqa idim. Özümü itirə-itirə gəldim...

- Sizin ömür kitabınızın hər səhifəsində sanki bir nisgil var. Ananızın ölüm xəbəri və üzərinizə tuşlanan silahların kölgəsində qaldığınız o an? Bu səhifələri yazanda hansı duyğuları yaşadınız?

- Bəli. Əsgərliyə getmişəm, qayıdanda anamı görməmişəm. Mənim anam Bayram xanın qızı olub. Ancaq o xan qızı həyatı yaşamadı. Anam çörək bişirirdi. Gəlib o çörəyi sacın üstündən aparırdılar. Bir gün məni əsgər apardılar. Mən onun gözünün işığı idim. Əsgər yoldaşlarımdan kimsə gəlib deyib ki, orada bizi süründürürlər, başımıza oyun açırlar. Qəribədir ki, bu xan qızı dözməyib. Anam ölüb... Anamı salamat qoydum, qayıdanda anasız qaldım. O adam hər kim idisə, qəsdən eləməmişdi, olan şeyi demişdi. Anama təsir edib ki, mənim oğlum yerdə sürünür. Xan qızıdır da. O xan qızının qanından məndə də var.

- Və siz ananızın dəfninə gemək istəmisiniz, amma icazə verməyiblər...

- Hə, elə olub. İndiyəcən yadımdadır, mayor Eyvazov var idi. Gəlib dedim, yoldaş mayor, teleqram gəlib. Anam ölüb. İcazə verin, gedib anamı dəfn edim. Mənə qulaq asdı. Birdən üstümə acıqlandı. Dedi, qayıt postuna. Elə deyəndə mən onun üstünə avtomat çəkdim. Vurmaq istəyəndə əlini qaldırdı, dedi, icazə verirəm, get. Qorxdu. Gəldim, qapıda məni avtomatla əhatəyə aldılar. Onlara baxdım, dedim, 3-ə kimi sayıram. Avtomatları aşağı salın. 1, 2 deyən kimi hamısı avtomatı saldı. Gəldim bir qohumun evinə, avtomatı orada qoyub qatara mindim. Ağlaya-ağlaya anamı dəfn edib gəldim. Qaldım anasız...

- Nəriman bəy, sizin sevgi və ayrılıqdan bəhs edən çox gözəl şeirləriniz var. Ayrılığı o qədər ustalıqla təsvir edirsiniz ki, insan sanki o ayrılığı öz qəlbində yaşayır. Niyə əlimizdəkinin dəyərini yalnız onu itirəndən sonra başa düşür və belə şeirləri qəlbimizdə yaşayırıq?

- Yaxşı dediniz. Görünür, insana xas olan bir şeydir bu. Ayrılıq ölümdən betərdir. Qəribədir.

- O duyğuları da oxuculara çox gözəl şəkildə çatdırırsınız. İnsan qəlbində hiss edir.

- Yaşamışam, qızım. Demək olar, hamısını yaşamışam.

- Ən məşhur misralarınızdan biri də budur:

Elə dayanırsan, elə baxırsan,

Elə bil qarşında quru bir daşam.

İpək saçlarını

- ...... öpüb oxşayan

Elə bil hardasa mən olmamışam.

Hamısını yaşamışam, qızım.

- Sizcə, poeziya insanı sağaldır, yoxsa daha da yaralayır?

Poeziya yaralamaz. Poeziya yaşadır.

- Amma insan oxuyanda dərdlərini xatırlayır, nisgil onu bürüyür.

- Oxuyanda ayrı məsələ. Poeziya, ümumiyyətlə, insanı yaşadır.

- Növbəti sualım belədir ki, sizin bəzi müsahibələrinizdən hissələr kəsilir və sosial şəbəkələrdə çox geniş şəkildə paylaşılır. Bu müsahibələrinizin birində belə bir fikir səsləndirmisiniz: “Qadını itirəndə kişi tək qalır. Qadın kişinin arxa-dayağıdır. Qadını döyən kişi öz taleyini döyür”. Sizin bu fikirləriniz çox sevildi. Bir qədər də bundan danışaq.

- Mənim qadına xüsusi hörmətim var. Kişi də qadını döyərmi? O öz taleyini döyür. O bədbəxtdir. Qadın anadır. Qadın müqəddəsdir. Qadın ilahi varlıqdır.

- Siz yoldaşınız Sara xanımı da tez itirmisiniz. Sizin ona olan sevginiz, sədaqətiniz hələ də dillərdə əzbərdir. Hər kəs sizin sadiqliyinizdən danışır. Şeirlərinizdə daim ondan bəhs edirsiniz. Sara xanımı və sevgi hekayənizi də xatırlayaq.

- Sara gözəl qız idi. Mən vəfasız idim, qızlara şeir yazırdım. İndi əzab çəkirəm. Qızlara, gözəllərə şeir yazırdım. Sara da ürəyinə salırdı. O bir dəfə dedi ki, bəlkə, mən də bir mühəndisə ərə getsəm, bir gün görərdim. Düz deyirdi. Mən əzab çəkirəm. İnsan ailəsinə sadiq olmalıdır. Mən sadiq olmamışam (kövrəlir-red.).

- Bəs indiki gənc ailələrə nə məsləhət vermək istərdiniz? Həm bir şair kimi, həm də bu yolu keçmiş bir insan kimi.

- Ailə müqəddəsdir, qızım. Ailə müqəddəsdir.

- Sizin çox məşhur bir şeiriniz var – “Nərdivan”. Hətta sözlərinə musiqi də bəstələnib. Təsəvvür edin ki, yuxarı qalxan nərdivanda sizin uşaqlığınız, aşağı enəndə isə siz dayanmısınız. Dünyanın hər üzünü görmüş biri kimi ona hansı sözləri pıçıldayardınız?

- Gəncləriniz nəyə ehtiyacı ola bilər? Paklığa, təmizliyə, saflığa. Gənclik bu deməkdir. Bütün gözəlliklər gəncliklə bağlıdır.

- Sizə yarımçıq cümlələr deyəcəm və onları tamamlamağınızı istəyəcəm.

İnsan yaşa dolduqca...

- İnsan yaşa dolduqca paklaşmalı, təmizləşməli, ilahiləşməlidir.

- Sevgi mənim üçün...

- Sevgi mənim üçün müqəddəs bir şeydir. Sevgiyə xəyanət etmək olmaz.

- Ən çox qorxduğunuz şey nədir?

- Siz nədən ən çox qorxursunuzsa, mən də ondan qorxuram. Ən çox nədən qorxarıq? Vicdansız olmaq. Səmimiyyəti itirmək. Gərək bunları qoruyasan.

- Bəs ən çox nəyi unutmaq istərdiniz?

- Heç nəyi unutmaq istəməzdim. Heç nəyi. Niyə unudum ki? Nə üçün unudum?

- Nəriman bəy, sizcə, bir insanı tanımaq üçün nə lazımdır?

O mürəkkəb sualdır. Bəlkə insan birinci növbədə özünü tanımalıdır.

- Zaman sizə nə öyrətdi?

- Gözəl sualdır. Təşəkkür edirəm. Zaman mənə əzab çəkməyi öyrətdi. Mən gəncliyimdə qızlara şeir yazırdım. Halbuki sonradan sədaqəti təbliğ etdim. Saxta, yalandan... Mən saxta gənclik keçirmişəm...

- Amma hamının günahları, səhvləri olur.

- Mən çox səhv etmişəm. Cinayət etmişəm əslində.

- Nəriman bəy, sizcə, qadın necə olmalıdır? Savadlımı, ağıllımı? Çünki sizin yaradıcılığınızıda xanım obrazlar çoxdur.

- Bunların hamısı öz yerində. Birinci növbədə, qadın qadın olmalıdır. Qadın anadır. Qadın həyat yoldaşıdır. Qadın sənin sevgilindir.

- İzləyicilərə nə demək istərdiniz?

- Ailəsinə sədaqət! Dostuna sədaqət! Yoldaşına sədaqət!

- Bəs hisslərinizi ifadə edən hansısa bir şeir bölüşmək istərdiniz?

- Məni imtahana çəkdi təbiət,
Yollarda bərkiyə-bərkiyə gəldim.
Gözümdə imtahan, qolumda qüvvət,
bu dünya sərgidir, sərgiyə gəldim.

Nəriman Həsənzadənin ömür yoluna özünün həzin və ürəyəyatımlı səsi ilə səyahət etmək üçün videomüsahibəni izləyə bilərsiniz:

FOTO - VİDEO - Nadir İbrahimli

Paylaş:
215

Son xəbərlər

Bütün xəbərlər