Azərbaycan və Tacikistan ədliyyə sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Ədliyyə Nazirliyində Tacikistanın Ədliyyə Nazirliyinin və digər dövlət qurumlarının nümayəndə heyəti ilə iki ölkə arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə edilib.
Bu barədə 1news.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Tacikistanın Ədliyyə Nazirliyinin və digər dövlət qurumlarının nümayəndə heyəti Ədliyyə Nazirliyinin penitensiar müəssisələrinin fəaliyyəti və probasiya sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsi məqsədilə ölkədə səfərdə olub.
Səfər çərçivəsində nümayəndə heyəti ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovla görüş keçirib. Görüşdə qurumlar arasında əməkdaşlıq, penitensiar sahədə qanunvericilik, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqların təmin olunması müzakirə olunub, infrastrukturun yenilənməsi, müasir standartlara cavab verən penitensiar müəssisələrin inşası və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində qonaqlar Bakı İstintaq təcridxanasının, 4 saylı cəzaçəkmə müəssisəsinin, Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisənin və Umbakı penitensiar müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Tacikistan nümayəndə heyəti ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətində keçirilən görüşdə xidmətin rəisi Vüqar Ağayev, xidmətin məsul əməkdaşları, eləcə də Bakı şəhəri Probasiya idarəsinin nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Azərbaycan və Tacikistanın ədliyyə orqanları arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub.