Ülvi Mehdiyev: ASAN-ın Publik Data Portalına 7 ayda 7 min istifadəçi müraciət edib
“ASAN xidmət tərəfindən təqdim olunan Publik Data Portal qısa müddətdə ölkədə data ilə işləyən geniş bir auditoriyanın formalaşdığını göstərir.”
1news.az xəbər verir ki, bunu ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
Onun sözlərinə görə, portal istifadəyə verildiyi 7 ay ərzində 7 min nəfər tərəfindən aktiv şəkildə istifadə olunub.
“Bu o deməkdir ki, Azərbaycanda data analitikası ilə məşğul olan ciddi bir təbəqə formalaşıb. Bizim vəzifəmiz isə bu auditoriyanın ehtiyaclarını düzgün qiymətləndirərək ekosistemin inkişafına dəstək göstərməkdir,” – Ü. Mehdiyev bildirib.
Agentlik sədri əlavə edib ki, gələn ildən portal əsasında ASAN xidmət üçün yeni xidmət və məhsullar təklif edənlər arasında əlavə müsabiqə keçiriləcək.
“Bu portal həm dövlət qurumları, həm startaplar, həm də tədqiqatçılar üçün çox mühüm platformadır. İlk dəfə olaraq milyonlarla məlumat bazası açıq şəkildə təqdim olunur və istənilən innovaror onlardan istifadə edərək yeni həllər hazırlaya bilər,” – deyə Ü. Mehdiyev vurğulayıb.












