Nazir müavini: rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi ə hədəflərdəndir
“Qarşıda görüləcək işlərin həcmi indiyə qədər görülən işlərlə müqayisə olunmayacaq dərəcədə çoxdur”.
1news.az xəbər verir ki, bunu ASAN Süni İntellekt platformasının (ASAN AI Hub) açılış mərasimində çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.
“Biz harada olduğumuzu dəqiq bilməli, hara getməli olduğumuzu düzgün müəyyənləşdirməliyik. Əks halda bu bizim üçün doğru olmayacaqdır”.
Nazir müavini qeyd edib ki, qlobal rəqabət qabiliyyətinin təmin edilməsi ölkələrin texnoloji trendləri vaxtında və strateji şəkildə yönləndirmək bacarığından asılıdır.
Onun sözlərinə görə, son 20 ildə qeyri-neft sektoruna yönəldilmiş 213 milyard dollarlıq investisiya nəticəsində bu sahənin iki dəfə artması Azərbaycanın qlobal rəqabət qabiliyyətinin güclənməsinin göstəricisidir.
Ələkbərov vurğulayıb ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” sənədində dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artım əsas hədəflərdən biri kimi müəyyən olunub:
“Bu baxımdan rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji hədəflərdən biridir. Hazırlanan ‘Rəqəmsal iqtisadiyyatın inkişafı strategiyası’ 2029-cu ilə qədər bu məqsədlərə xidmət edəcəkdir.” Nazir müavini həmçinin süni intellekt strategiyasının 2025–2028-ci illəri əhatə etdiyini və onun məsuliyyətli, etik tətbiqini nəzərdə tutduğunu bildirib.
“Biz inanırıq ki, rəqəmsal iqtisadiyyatın inkişafı və müasir texnologiyaların tətbiqi yalnız sabit və səmərəli iqtisadi artımı təmin etməyəcək, həm də cəmiyyətin daha ədalətli, inklüziv və davamlı gələcəyə doğru irəliləməsinə imkan yaradacaqdır,” – Sahib Ələkbərov vurğulayıb.












