Xanəndə qəza törətdi - Atası və azyaşlı oğlu dünyasını dəyişdi
Bu gün səhər saatlarında Zərdab rayonunda ağır yol qəzası baş verib.
1news.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, Zərdab Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, bu gün saat 10:20 radələrində Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3-ü uşaq olmaqla ümumilikdə 7 nəfər (2 qadın, 5 kişi) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və qabırğaların çoxsaylı sınığı, qapalı kəllə beyin travması və müxtəlif nahiyələrin sıyrılmış, əzilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
2016-cı il və 2017-ci il təvəllüdlü azyaşlıların (hər ikisi kişi) vəziyyətləri stabil qiymətləndirilir, müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır qiymətləndirilən digər pasiyentlərin müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyəti ağır qiymətləndirilən 2023-cü il təvəllüdlü (kişi) azyaşlıya göstərilən bütün reanimasiyon tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 13:50 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zərdab rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə zamanı 1966-cı il təvəllüdlü (kişi) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb”.












