İctimai nəqliyyatda NFC ödənişləri “BakıKart”ı sıradan çıxarır? – Ekspertdən CAVAB
Xəbər verdiyimiz kimi Bakı şəhərində bütün avtobus marşrutlarında və metronun stansiyalarında ödəniş məntəqələrində NFC ödənişləri aktivləşdirilib
Yeni texnologiyanın tətbiqi sərnişinlər üçün rahatlıq yaratsa da, mövcud “BakıKart” sisteminə təsiri ilə bağlı suallar aktuallığını qoruyur.
Dünyanın müxtəlif şəhərlərində istifadə edilən şəhər kartları təkcə ictimai nəqliyyatda deyil, şəhərdə muzeylərdə, kitabxanalarda və s. sahələrdə istifadə olunur.
Bəs görəsən NFC ödənişləri “BakıKart”dan istifadəyə necə təsir edəcək? “BakıKart”ın funksional imkanlarının genişlənməsinə ehtiyac varmı? Hansı güzəştlər və imtiyazlar tətbiq edilməlidirmi?
Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, ümumilikdə ödənişdə çeşidlərin olması üstünlükdür.
“Bu, “BakıKart”ın sıradan çıxması demək deyil, əksinə, sistemin inkişafının növbəti mərhələsidir. Məhz “BakıKart” öz platformasında NFC texnologiyasını tətbiq edir və bu, düzgün qərardır”, — ekspert bildirib.
R.Ağamirzəyev qeyd edib ki, mərhələli keçid çərçivəsində ilkin olaraq Böyük Daşıyıcılar — “BakuBus”, “Faiqoğlu” və “Çınar Trans” artıq bu sistemə keçib və bu gün verilən məlumata görə, artıq Bakı şəhərində kartla işləyən bütün avtobuslarda NFC texnologiyası aktiv edilib.
Ekspert əlavə edib ki, güzəştlərin tətbiqi hər hansı ödəniş sistemi tərəfindən deyil, dövlət tərəfindən müəyyən edilir.
“Yanvarın 1-dən etibarən qüvvəyə minəcək “brutto müqavilələr” də məhz bu çərçivədə tətbiq olunur. Bu mexanizm subsidiya aləti rolunu oynayır və hər kilometrə görə daşıyıcılara subsidiya verilməsini nəzərdə tutur”.
R.Ağamirzəyev dünyada artıq 40 ildən çoxdur tətbiq olunan “brutto müqavilə” sisteminin fərqli bilet paketlərinin formalaşdırılmasına imkan yaratdığını bildirib: “Bu sistem çərçivəsində tələbələr, pensiyaçılar, müharibə iştirakçıları kimi həssas qruplar üçün güzəştli bilet paketlərinin təklif olunması, eyni zamanda 90 dəqiqəlik pulsuz keçidlərin tətbiqi mümkündür. Ən yaxın nümunə kimi qonşu Tbilisini göstərmək olar. Bu şəhərdə artıq dörd ildir ki, “brutto müqavilə” sisteminə keçid edilib və qeyd olunan güzəşt mexanizmləri uğurla tətbiq olunur”.
Bu yanaşmanın əhəmiyyətini açıqlayan ekspert deyib ki, uzaq ərazilərdən şəhərə gələn vətəndaşlar bir neçə nəqliyyat növünü dəyişməli olur və bu da onların gündəlik nəqliyyat xərclərini artırır.
“90 dəqiqəlik pulsuz keçidlər həmin xərclərin optimallaşdırılmasına xidmət edir. Digər tərəfdən, ictimai nəqliyyatdan mütəmadi istifadə edən şəxslər gündəlik deyil, aylıq və ya illik bilet paketləri almaqla xərclərini daha da azalda bilərlər. Həssas qruplar isə onlara tətbiq edilən güzəştlər sayəsində nəqliyyat xərclərini optimallaşdırmaq imkanına malik olurlar. Nəticə etibarilə, bu yanaşma ictimai nəqliyyatı həm daha cəlbedici, həm də vətəndaşlar üçün xərc baxımından daha əlçatan edir. Nəzərə almaq lazımdır ki, Bakıya müxtəlif istiqamətlərdən gündəlik gələn insanların nəqliyyat xərcləri kifayət qədər yüksəkdir və bu xərclərin optimallaşdırılması vacibdir”, — R.Ağamirzəyev əlavə edib.










