Yasamalda qapısı açıq olan evdən 40 min manata yaxın oğurluq etməkdə şübhəli bilinən qadın tutulub
Bakının Yasamal rayonunda mənzillərin giriş qapılarını yoxlayaraq oğurluq etməkdə şübhəli bilinən qadın tutulub.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, diqqət çəkməmək üçün müxtəlif geyimlərdən istifadə edən naməlum şəxs bu üsulla bir mənzildən 900 manat nağd pul, həmçinin 38 min 800 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Mətanət Hüseynova saxlanılıb. Onun üzərindən oğurlanan qızıl-zinət əşyalarının bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda talanmış əmlakın qalan hissəsinin aşkar edilməsi və iş üzrə digər halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.












