Naqif Həmzəyev: Ermənistanda Azərbaycan tarixi-mədəni abidələrinin bərpası üçün tədbirlər görülməlidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Naqif Həmzəyev: Ermənistanda Azərbaycan tarixi-mədəni abidələrinin bərpası üçün tədbirlər görülməlidir

Qafar Ağayev17:58 - Bu gün
Naqif Həmzəyev: Ermənistanda Azərbaycan tarixi-mədəni abidələrinin bərpası üçün tədbirlər görülməlidir

"2025-ci ilin avqustunda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri arasında keçirilən görüş zamanı sülh sazişi paraflanıb və Birgə Bəyannamə imzalanıb. Bu addım regionda uzunmüddətli sülhün qurulması istiqamətində mühüm hadisə kimi qiymətləndirilir".

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədrinin müavini Milli Məclisin deputatı Naqif Həmzəyev açıqlamasında bildirib.

Deputat qeyd edib ki, 2025-ci ilin dekabrında Doha Forumunda Azərbaycan və Ermənistan tərəfləri Vaşinqton razılaşmasının icrası istiqamətində atılan addımları, sülhün iqtisadi faydalarını və əlaqəlilik məsələlərini müzakirə ediblər.

"Bu görüşlərin davamı tərəflər arasında dialoq mexanizmlərinin möhkəmlənməsini nümayiş etdirir. Rəsmi sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəaların aradan qaldırılması vacibdir. Bu, sülh prosesinin qarşısında duran əsas maneələrdən biridir”, – deyə deputat əlavə edib.

O, qeyd edib ki, Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin qayıdış hüququnu inkar etməsini və dialoqdan yayınmasını sülh və barışıq niyyətində olmadığının göstəricisi kimi qiymətləndirir.

“İcma beynəlxalq hüquq normalarına əsaslanaraq, 300 minə yaxın Qərbi azərbaycanlının öz tarixi torpaqlarına qayıdış hüququnun tanınması üçün fəal təşəbbüslər göstərir”.

Deputat əlavə edib ki, son illərdə Qərbi Azərbaycanın tarixi-mədəni irsinin qorunması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. 2025-ci ilin iyununda İslam Əməkdaşlığı Təşkilatı Nazirlər Şurasının İstanbuldakı sessiyasında ilk dəfə olaraq “Hazırkı Ermənistan ərazilərindən zorla və sistematik şəkildə didərgin salınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamə qəbul edilib. Bu, beynəlxalq səviyyədə Qərbi azərbaycanlıların hüquqlarının tanınması baxımından mühüm addımdır.

Həmçinin 2025-ci ilin dekabrında Bakıda “Mədəni irs və Qayıdış Hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III Beynəlxalq Konfrans keçirilib. Naqif Həmzəyev vurğulayıb ki, bu konfrans mədəni irsin bərpasının sülh prosesinin ayrılmaz tərkib hissəsi olduğunu nümayiş etdirib.

Deputat qeyd edib ki, sülh gündəliyinin uğurla irəliləməsi və Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi üçün Ermənistan tərəfi bir sıra konkret addımlar atmalıdır:

"Birincisi, Qərbi Azərbaycan İcması ilə birbaşa dialoqa başlamaq. Hazırda Ermənistan tərəfinin İcmanın çağırışlarına cavab verməməsi konstruktiv yanaşmanın olmamasından xəbər verir. Dialoq mexanizminin yaradılması hər iki tərəfin narahatlıqlarının dinlənilməsi və qarşılıqlı anlaşma əsasında həllərin tapılması üçün zəruridir.

İkincisi, 300 minə yaxın Qərbi azərbaycanlının öz ata-baba torpaqlarına qayıdış hüququnu beynəlxalq standartlar əsasında tanımaq. Bu hüquq BMT-nin İnsan Hüquqları Bəyannaməsi və digər beynəlxalq sənədlərlə təsbit olunub və şərtsiz icra edilməlidir.

Üçüncüsü, Ermənistan ərazisində yerləşən Azərbaycan tarixi-mədəni abidələrinin qorunması və bərpası üçün konkret tədbirlər görmək. İndiyə qədər Ermənistanda məhv edilmiş və ya təhrif olunmuş yüzlərlə Azərbaycan abidəsinin müəyyənləşdirilməsi və bərpası beynəlxalq nəzarət altında həyata keçirilməlidir.

Dördüncüsü, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları konstitusiyadan çıxarmaq. Bu, sülh sazişinin imzalanması üçün vacib şərtdir və regionda uzunmüddətli sabitliyin təmin olunmasına töhfə verəcək.

Beşincisi, BMT Qaçqınlar üzrə Ali Komissarlığı kimi beynəlxalq qurumlarla qayıdış prosesinin təşkili üçün əməkdaşlığa başlamaq. Beynəlxalq təşkilatların iştirakı prosesin şəffaf və beynəlxalq normalara uyğun şəkildə həyata keçirilməsinə zəmanət verə bilər".

Naqif Həmzəyev bildirib ki, Vaşinqton görüşü və ondan sonrakı diplomatik təmaslar Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesinin irəliləməsi baxımından müəyyən ümidlər yaradıb.

"Lakin Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin edilməsi sahəsində praktiki irəliləyiş hələ məhdud olaraq qalır. Yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquq normalarına riayət və konstruktiv dialoq əsasında regionda dayanıqlı sülhün qurulması və Qərbi azərbaycanlıların ədalətli hüquqlarının təmin edilməsi mümkündür. Gələcək aylar Ermənistan tərəfinin bu istiqamətdə hansı addımlar atacağını göstərəcək”.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər