Mərakeşdə Novruz bayramı qeyd olunub - FOTO
Azərbaycanın Mərakeşdəki səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirib.
Səfirlikdən 1news.az-a verilən məlumata görə, Azərbaycan diaspor üzvlərinin qatıldığı mərasimdə 50-yə yaxın qonaq iştirak edib.
Bildirilib ki, tədbir milli adət-ənənələrin təbliği, birlik və həmrəyliyin möhkəmləndirilməsi məqsədilə keçirilib.
Mərasimdə iştirak edən uşaqlara Novruzun rəmzi olan səməni, papaqatma, tonqaldan tullanma ənənəsi, bayram rəqsləri haqqında məlumat verilib, milli adətlər əyani şəkildə təqdim olunub.
Tədbir çərçivəsində, həmçinin qonaqlara Azərbaycan milli mətbəxinin inciləri - şəkərbura, paxlava, dolma və aş təqdim edilib.
Eyni zamanda, vurğulanıb ki, bu cür tədbirlər Azərbaycan mədəniyyətinin təbliği, eləcə də diaspor üzvləri arasında birlik və həmrəyliyin daha da gücləndirilməsi baxımından mühüm rol oynayır.























