Rəşad Nəbiyev: Diqqəti “Hire and Train” Proqramı üzərində cəmləmişik | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəşad Nəbiyev: Diqqəti “Hire and Train” Proqramı üzərində cəmləmişik

Qafar Ağayev17:52 - Bu gün
Rəşad Nəbiyev: Diqqəti “Hire and Train” Proqramı üzərində cəmləmişik

Azərbaycan hökuməti diqqətini "Hire and Train" (red. - "İşə götür və Öyrət") Proqramı üzərində cəmləyib.

1news.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

"İstər universitetlərimizin potensialının artırılması, istərsə də xaricdə təhsil dövlət proqramı bu ekosistemin inkişafına bilavasitə təkan verən amillər sırasındadır. Son illərdə xüsusilə dəqiq elmlər və informasiya texnologiyaları sahəsinə diqqət yetirməyimiz çox yaxın gələcəkdə ekosistemə yeni işçi qüvvəsinin daxil olmasını təmin edəcəkdir. Paralel olaraq həm nazirlik və eyni zamanda, digər həmkar nazirliklər, o cümlədən Elm və Təhsil Nazirliyi qısamüddətli kurslar təşkil edib ki, Azərbaycan gəncləri - təxminən 16 minə yaxın insan bu kurslardan keçib. Təlimlərin verdiyi biliklər bəlli bir nöqtəyə qədərdir. Bundan sonra biz diqqəti "Hire and Train" Proqramı üzərində cəmləmişik, bu da xarici şirkətlərin Azərbaycana cəlb edilməsi, onlara bəlli bir podrat müqavilələrin təmin edilməsidir ki, artıq biz onların ikisi ilə işləyirik - "Anderson" və "EPAM" şirkətləri. Bunlar Amerika Birləşmiş Ştatlarının şirkətləridir", - deyə o qeyd edib.

Bundan başqa, nazir deyib ki, "mygov" vətəndaş və dövlət-vətəndaş münasibətlərində necə görülürsə, eyni yanaşma dövlət və biznesə münasibətdə sərgilənir: "Artıq bunun qanunvericilik bazası var və "mygov biznes" yaxın aylarda bizim biznesin istifadəsi üçün təqdim ediləcək. Həmin layihəni biz "EPAM" şirkəti ilə bir yerdə həyata keçiririk və burada onların qarşısında qoyduğumuz tələb ondan ibarətdir ki, bizim onlara şərti olaraq verdiyimiz 100 dollar müqabilində onlar yerli podratı xarici 100 dollara uyğunlaşdıraraq Azərbaycana gətirirlər. Bizim əməkdaşlarımız burada işlədikləri layihələrlə yanaşı, eyni zamanda, xaricdə olan layihələrdə də işləyib təcrübə qazanırlar. Buradan çıxışımızı biz necə görürük? Əgər burada çalışan təxminən 1000 nəfər və yaxud 2000 nəfər adamdan 5-i, 10-u gedib startap yaratsa və o startap uğurlu olsa, istənilən bir sahədə bu, faktiki olaraq, bizim sonda hədəflədiyimiz, həmin o 100 milyonun bir milyarda və yaxud bir neçə milyarda çatdırılması istiqamətində atılmış əsas addımlardan biri olacaq".

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər