“Qarabağın işğalında da, Xocalı soyqırımında da rusların böyük “əməyi” olub” - DEPUTAT
“Azərbaycan xalqının başına tarix boyu bir çox müsibətlər gətirilib”.
Bu sözləri 1news.az-a Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı danışarkən Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
“Xalqımız tarix boyu dəfələrlə müxtəlif soyqırımlarına və işgəncələrə məruz qalıb. Bunların arasında ruslar və ermənilər tərəfindən törədilən faciələr xüsusi qəddarlığı ilə seçilir. Çar Rusiyası Azərbaycanı işğal edərkən - 18-ci əsrdə Azərbaycan xalqına və onun iradəsinə qarşı böyük bir qəddarlıq nümayiş etdirdi. Eyni zamanda 1918-ci ildə də Bakıda ermənilər, bolşeviklərlə birlikdə soyqırımı həyata keçirdilər. Azərbaycan xalqı müstəqilliyini yenidən bərpa etdikdən sonra - 1992-ci ildə növbəti dəfə soyqırımına məruz qaldı. Bu soyqırımı da iki dövlət tərəfindən törədildi - Rusiya hərbçiləri və ermənilər birləşərək Xocalıda yaşayan azərbaycanlılara qarşı qəddarlıq nümayiş etdirdilər. Bunları dünyanın heç bir yerində görünməyən bir qəddarlıqla həyata keçirdilər”.
Deputat qeyd edib ki, Qarabağın işğalında da, Xocalı hadisəsində də rusların böyük “əməyi” olub.
“Bütün bu faciələr birgə törədilib. Biz bu gün sülhə hazırlaşırıq, ancaq xalqımız heç zaman bu qəddarlığı, bizə qarşı törədilən vəhşiliyi unutmayacaq. Çünki bu yaddan çıxarılacaq bir faciə deyil. Bu gün törədilən cinayətlər diqqətlə araşdırılıb. Artıq bu cinayətləri törədənlərin bir qismi həbs olunub. Bu qətllərdə iştirak edən hər kəs sonda mütləq şəkildə cəzalandırılacaq”.
Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edib. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər.
Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

















