Əxlaqsızlıq halları bloqerin səhifəsində olur, hədəf televiziya seçilir - Mir Şahindən sərt SÖZLƏR
“Real TV”nin baş direktoru Mir Şahin Ağayev sosial şəbəkə hesabında televiziya və rəqəmsal platformalarla bağlı geniş paylaşımla çıxış edib.
1news.az xəbər verir ki, jurnalist paylaşımında sosial şəbəkələrdə televiziya kanallarına qarşı aparılan kütləvi tənqidlərin obyektivlikdən uzaq olduğunu bildirib.
Mir Şahin Ağayev qeyd edib ki, sosial şəbəkələrdə televiziya efirinə aid olduğu iddia edilən qüsurların böyük əksəriyyəti əslində televiziya məkanında deyil, məhz rəqəmsal platformalarda baş verir. Onun sözlərinə görə, ayrı-ayrı televerilişlərdən kontekstdən çıxarılaraq yayılan qısa hissələr məqsədli şəkildə paylaşılır və bunun nəticəsində televiziya kanalları, aparıcılar linçə məruz qalır.
Paylaşımda vurğulanıb ki, bu proses sosial şəbəkələrin alqoritmləri üzərindən idarə olunur və istifadəçilər əsasən neqativ rəyə yönləndirilir. Jurnalist hesab edir ki, bununla da “Televiziyaya baxmıram”, “Televiziya nəyə lazımdır?” kimi milli təhlükəsizlik baxımından zərərli nəticələr formalaşdırılır.
Mir Şahin Ağayev diqqətə çatdırıb ki, etik qaydaların pozulması, təhqir, əxlaqsızlıq və milli-mənəvi dəyərlərin aşınması halları əsasən sosial şəbəkələrdə, bloqer və tik-tokerlərin şəxsi hesablarında baş verir. Buna baxmayaraq, tənqid hədəfi kimi məhz televiziya seçilir. O, bunu rəqəmsal platformalara xas riyakarlıq və ikiüzlülük kimi dəyərləndirib.
Paylaşımda jurnalist xaricdən Azərbaycan əleyhinə fəaliyyət göstərən, milli dəyərləri və dövlətçiliyi hədəfə alan şəxslərə qarşı susqunluq nümayiş etdirildiyini, buna paralel olaraq isə daxildə televiziya üzərindən “səlib yürüşü” aparıldığını bildirib. Onun fikrincə, televiziya bu prosesdə haqsız yerə günahlandırılır.
Mir Şahin Ağayev televiziya əməkdaşlarına da müraciət edərək, verilişlərdən oğurlanaraq kontekstdən çıxarılan hissələrin yayılmasına qarşı hüquqi müstəvidə mübarizə aparmağın vacibliyini vurğulayıb. O bildirib ki, bu materiallardan televiziya kanallarını linç etmək üçün istifadə olunur.
Paylaşımda televiziya ilə rəqəmsal platformalar arasında qeyri-bərabər mübarizə şəraitinin yarandığı, televiziya kanallarının qaydalar çərçivəsində fəaliyyət göstərdiyi halda, sosial şəbəkələrdə qaydasız mühitin hökm sürdüyü qeyd olunub.
Mir Şahin Ağayev yazısını “Bəs siz hara baxırsınız?” sualı ilə yekunlaşdırıb.












