Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının açılışı keçirilir
Bu gün Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının açılış mərasimi keçirilir.
1news.az xəbər verir ki, forumun əsas tədbirləri Bakı Olimpiya Stadionu ərazisində təşkil olunacaq.
Mayın 22-dək davam edəcək WUF13 BMT-nin Məskunlaşma Proqramı — UN-Habitat və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.
Dünyanın ən nüfuzlu urbanistika platformalarından biri hesab olunan forum Bakını şəhərsalma və dayanıqlı inkişaf üzrə qlobal müzakirələrin mərkəzinə çevirəcək. Tədbirdə iştirak üçün 182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçməsi WUF tarixində ən yüksək göstəricilərdən biri kimi qiymətləndirilir.
Forum çərçivəsində şəhərlərin dayanıqlı inkişafı, iqlim dəyişikliklərinin şəhər mühitinə təsiri, müasir şəhər idarəçiliyi, rəqəmsal həllər, əlçatan mənzil təminatı və ekoloji yanaşmalarla bağlı geniş müzakirələr aparılacaq. WUF13 rəsmi şəxsləri, beynəlxalq təşkilat nümayəndələrini, şəhər merlərini, ekspertləri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirən mühüm beynəlxalq platforma kimi çıxış edəcək.
Tədbirdə həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma layihələri təqdim olunacaq. Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının, eləcə də “yaşıl enerji zonası”nın yaradılması istiqamətində görülən işlərin beynəlxalq iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanacağı gözlənilir.
WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq tədbirlərin uğurla təşkili imkanlarını və ölkənin qlobal əməkdaşlıq təşəbbüslərində fəal rolunu bir daha nümayiş etdirir. Forum həmçinin Azərbaycanın dayanıqlı inkişaf və müasir şəhərsalma sahəsindəki təcrübəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir zamanı BMT-nin rəsmi dilləri olan ərəb, çin, ingilis, fransız, rus və ispan dilləri ilə yanaşı, Azərbaycan və türk dillərinə də sinxron tərcümə təmin ediləcək.
Qeyd edək ki, WUF tarixində ilk dəfə olaraq proqram çərçivəsinə Liderlər Sammiti də daxil edilib. Bu yenilik forumun beynəlxalq siyasi və strateji əhəmiyyətini daha da artıran mühüm addımlardan biri hesab olunur.












