Bu gün dünyada 120 milyondan çox insan gecəqondularda yaşayır — Anaklaudia Rosbax
Mayın 17-də Bakıda keçirilən World Urban Forum çərçivəsində təşkil olunan Yeni Şəhər İnkişafı Proqramı (NUA) üzrə nazirlər görüşündə UN-Habitat-ın icraçı direktoru və BMT Baş katibinin müavini Anaklaudia Rosbax çıxış edib.
1news.az xəbər verir ki, çıxışının əvvəlində o, görüşün təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib və forumun Yeni Şəhər İnkişafı Proqramının Kito şəhərində qəbulundan on il sonra keçirilməsinin simvolik əhəmiyyət daşıdığını vurğulayıb.
“2026-cı il yalnız nəticələrin yekunlaşdırılması dövrü deyil, həm də istiqamətin yenidən nəzərdən keçirilməsi məqamıdır. Bu, nəyin uğurlu olduğunu, hansı proseslərin kifayət qədər sürətli irəliləmədiyini və bundan sonra hansı dəyişikliklərin vacib olduğunu özümüzdən soruşmaq zamanıdır”, — deyə Rosbax bildirib.
Onun sözlərinə görə, Yeni Şəhər İnkişafı Proqramı yaşayış siyasəti və dayanıqlı urbanizasiya sahəsində əsas qlobal platforma olaraq qalır.
“Şəhərlər və yaşayış məntəqələri yalnız problemlərin cəmləşdiyi məkanlar deyil, eyni zamanda həll yollarının geniş miqyasda tətbiq oluna bildiyi məkanlardır”, — deyə o vurğulayıb.
Anaklaudia Rosbax qeyd edib ki, son on ildə şəhər siyasəti sahəsində mühüm irəliləyiş əldə olunub. Onun təqdim etdiyi məlumata əsasən, təxminən 160 ölkə artıq milli şəhər siyasəti çərçivələrini qəbul edib və ya hazırlayır, dövlətlərin üçdə ikisindən çoxu isə əlçatan mənzil məsələsini prioritet hesab edən milli mənzil strategiyalarını tətbiq edib.
O, həmçinin şəhərlərin qlobal iqlim gündəmində rolunun artdığını diqqətə çatdırıb.
“Şəhər komponentini ciddi şəkildə əhatə edən milli iqlim öhdəliklərinin payı 2021-ci ildəki 49 faizdən 2025-ci ildə 80 faizə yüksəlib”, — deyə BMT Baş katibinin müavini bildirib.
Lakin Rosbaxın sözlərinə görə, əldə olunan nəticələrə baxmayaraq, irəliləyiş yetərli deyil və olduqca qeyri-bərabər xarakter daşıyır.
“Çox vaxt öhdəliklər davamlı investisiyalara, yerli səviyyədə real nəticələrə və insanların həyatında ölçülə bilən yaxşılaşmalara çevrilmir”, — deyə o qeyd edib.
UN-Habitat rəhbəri qlobal mənzil böhranına xüsusi diqqət ayırıb. O bildirib ki, hazırda dünyada bir milyarddan çox insan gecəqondularda və qeyri-rəsmi yaşayış məntəqələrində yaşamağa davam edir.
“Yalnız son on ildə 120 milyondan çox insan ya gecəqondularda doğulub, ya da oraya köçmək məcburiyyətində qalıb”, — deyə Rossbax bildirib.
Onun sözlərinə görə, mənzil əlçatanlığı problemi artıq əhalinin gəlir səviyyəsindən asılı olmayaraq demək olar ki, bütün ölkələri əhatə edir. Çünki bir çox şəhərlərdə tikinti tempi artan tələbatdan geri qalır.
O, həmçinin mənzil probleminin iqlim təhdidləri və insanların təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğunu vurğulayıb.
“Qeyri-qənaətbəxş yaşayış şəraitində yaşayan insanlar çox vaxt daşqınlar, ekstremal istilər, torpaq sürüşmələri və digər iqlim fəlakətləri qarşısında ən həssas təbəqəyə çevrilirlər”, — deyə Rosbax qeyd edib.
Bundan əlavə, Anaklaudia Rosbax xatırladıb ki, BMT Baş katibinin hesabatına əsasən, son iyirmi ildə dünya şəhərlərinin 80 faizindən çoxunda temperatur əhəmiyyətli dərəcədə artıb.












