Malayziya nümayəndəsi Urban Expo-da: “Bakıda keçirilən forumun miqyası heyranedicidir, bu, tarixi hadisədir”
“Mən Bakını çox bəyənirəm, çünki şəhər çox təmizdir, müasir memarlığa və geniş parklara malikdir.
Burada insanların dincələ, idmanla məşğul ola və stressdən uzaqlaşa bilməsi üçün çoxlu yaşıl zonalar mövcuddur”.
Bu fikirləri 1news.az-ın müxbiri ilə söhbətində Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan Urban Expo sərgisində Malayziya pavilyonunun baş koordinatoru olan Mənzil Tikintisi və Yerli Özünüidarəetmə Nazirliyinin nümayəndəsi Mohamad Rizal Osman bildirib.
O qeyd edib ki, bu gün bir çox ölkələr, o cümlədən Malayziya psixi sağlamlıq sahəsində problemlərlə üzləşir. Onun fikrincə, məhz buna görə şəhərlərdə insanların dincələ, özlərini rahat hiss edə və enerjilərini bərpa edə bilmələri üçün daha çox ictimai məkanlara ehtiyac var.
O vurğulayıb ki, Malayziya tərəfi Bakıda yaradılan yaşıl zonalara və parklara səmimi şəkildə heyrandır və hesab edir ki, bu cür təşəbbüslər dünyanın bütün şəhərləri üçün olduqca vacibdir.
“Daha əvvəl 2018-ci ildə Malayziyada keçirilən Ümumdünya Şəhərsalma Forumunda yerli təşkilatçı kimi iştirak etmişəm. Buraya ilk gün gəldiyim zaman tədbirin nə qədər böyük miqyaslı olduğunu dərhal hiss etdim. Mənə bildirildi ki, hazırda bu forum keçirilən bütün dövrlər ərzində ən böyük Ümumdünya Şəhərsalma Forumudur. WUF13 əvvəlki ev sahibi şəhər və ölkələrin təcrübəsini birləşdirərək həqiqətən təsiredici qlobal platforma yaradıb. Hesab edirəm ki, bu, hər bir iştirakçı üçün möhtəşəm və əlamətdar hadisədir”, - deyə Mohamad Rizal Osman yekunlaşdırıb.












