Özbəkistan Azərbaycana şəhərsalma sahəsində əməkdaşlıq təklif edəcək
Özbəkistan Azərbaycana inkişaf, planlaşdırma, layihələndirmə və tikinti sahələrində birgə fəaliyyət barədə təkliflə çıxış etməyi planlaşdırır.
1news.az xəbər verir ki, bu barədə "Report"a Özbəkistanın Mənzil Bazarının İnkişafı və Urbanizasiya Prosesləri üzrə Milli Komitəsinin idarə rəisi Artyom Kreskas Ümumdünya Şəhərdalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.
Onun sözlərinə görə, WUF13 zamanı Özbəkistan tərəfi dövlət səviyyəsində Azərbaycana inkişaf, planlaşdırma, layihələndirmə və tikinti sahələrində tərəfdaşlıq təklif etməyə hazırdır: "Azərbaycan da bütün bu məsələləri kompleks formatda nəzərdən keçirir. Ölkəmizdə təmsil etdiyim Mənzil Bazarının Dayanıqlı İnkişafı və Urbanizasiyası üzrə Milli Komitə fəaliyyət göstərir. Hazırkı mərhələdə biz makroanalitikanın tam əhatə olunmasına, eləcə də şəhərsalma fəaliyyətinin və şəhərlərin baş planlarının təşviqinə yönəlmiş sistem və siyasət tətbiq edirik. Məhz bu istiqamət qarşılıqlı fəaliyyətin ilk potensial vektorudur".
A.Kreskas həmçinin özəl sektorla bağlı ikinci perspektivli istiqaməti də qeyd edib: "Burada iri developer şirkətləri – "SeaBreeze", "PASHA Holding" və digərləri təmsil olunur. Biz bu seqmenti də cəlb etməyi planlaşdırırıq: developer modellərinin həyata keçirilməsi və əldə olunan nəticələr sahəsində praktik təcrübə mübadiləsi aparmaq niyyətindəyik. Bu istiqamətdə tərəfdaşlıq münasibətlərinin qurulması üçün biz mütləq səy göstərəcəyik".












