Şanxay Universitetinin professoru: Çin və Azərbaycan xalqlarını möhkəm dostluq bağları birləşdirir
“Bakıda insanlar çox mehribandır.
Ölkələrimiz arasında uzun tarixə malik möhkəm dostluq əlaqələri mövcuddur. Çin və Azərbaycan xalqları həm hökumətlər səviyyəsində, həm də sadə vətəndaşlar arasında bir-birinə çox yaxın və dost münasibətdədir”.
Bu fikirləri 1news.az-ın müxbiri ilə söhbətində Bakıda keçirilən Urban Expo sərgisində pavilyonu ilə təmsil olunan Şanxay Universitetinin professoru, "Shanghai Institute of Urban Regeneration and Sustainability" direktorunun müavini Fengqing Li bildirib.
“Bakı bizə çox doğma görünür. Bu mənim ilk səfərim olsa da, şəhər olduqca qonaqpərvər təsiri bağışlayır. Bakı təmiz, səliqəli və təhlükəsiz şəhərdir. Bu baxımdan o, Çinin bir çox şəhərinə bənzəyir. Bu, həqiqətən təsir edicidir”, - deyə o qeyd edib.
Universitetin şəhərlərin interaktiv yenilənməsi sahəsində təcrübəsindən danışan professor bildirib ki, gələcəkdə süni intellekt alqoritmlərinin köməyi ilə müxtəlif yanaşmalar təqdim olunacaq:
“Bu istiqamətdə hazırlanmış ən uğurlu modellərdən biri "Spatial Intelligence Sandbox Model"dir (Məkan İntellekti üzrə İnteraktiv Model). Bu model üçsəviyyəli interaktiv sistemdən ibarətdir. Birinci mərhələdə istifadəçilər şəhərsalma ssenarilərini dəyişə və binaları yenidən layihələndirə bilirlər. İkinci mərhələdə ziyarətçilər QR kodları skan edərək müxtəlif şəhər məkanlarının funksiyalarını dəyişə bilirlər. Üçüncü mərhələdə isə süni intellekt alqoritmləri vasitəsilə yaşlı insanlar, uşaqlı ailələr və gənclər kimi müxtəlif istifadəçi qrupları şəhərlərin yenilənməsi planları ilə bağlı öz fikir və rəylərini təqdim edə bilirlər”.












