Rauf Ağamirzayev: “Gələcəyin şəhərləri hərəkət məhdudiyyəti olan şəxslərə uyğunlaşdırılmalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Rauf Ağamirzayev: “Gələcəyin şəhərləri hərəkət məhdudiyyəti olan şəxslərə uyğunlaşdırılmalıdır”

Faiqə Məmmədova13:36 - Bu gün
Rauf Ağamirzayev: “Gələcəyin şəhərləri hərəkət məhdudiyyəti olan şəxslərə uyğunlaşdırılmalıdır”

“Müasir şəhərlər hazırda iqlim dəyişikliyi, tıxaclar, mobillik çətinlikləri, ekoloji problemlər və səs-küy kimi bir çox problemlərlə üzləşir”.

Bu barədə 1news.az-a Nəqliyyat və Rəqəmsal İnkişaf Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat eksperti Rauf Ağamirzayev Bakıda keçirilən Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində beşinci günün tədbirləri zamanı bildirib.

Onun sözlərinə görə, bu çağırışlar bütün şəhərlərdə prioritet yanaşma tələb edir və Bakı da bu prosesdən kənarda deyil.

Rauf Ağamirzayev qeyd edib ki, iqlim dəyişikliyinin nəticələri regionda artıq daha aydın şəkildə hiss olunur və Bakıda keçirilən COP29 kimi beynəlxalq tədbirlər bu problemlərin qlobal gündəmə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır.

O həmçinin bildirib ki, bəzi rayonlarda iqlim faktorlarının təsiri nəticəsində infrastrukturun zədələnməsi, sürüşmələr və yol infrastrukturunda problemlər müşahidə olunur. Bu isə şəhərsalma və planlaşdırma proseslərində iqlim risklərinin daha ciddi şəkildə nəzərə alınmasını zəruri edir.

Ekspert vurğulayıb ki, böyük şəhərlərdə əhalinin yaşlanması və hərəkət məhdudiyyəti olan insanların sayının artması inklüziv şəhərsalmanı daha da aktual edir.

Onun sözlərinə görə, Ümumdünya Şəhər Forumu çərçivəsində təqdim olunan inklüziv şəhər mühitinin yaradılması yanaşmaları gələcək şəhər inkişafı üçün mühüm model ola bilər.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər