Riad Qasımov: “Qarabağdakı layihələr gələcəyin dayanıqlı inkişafı üçün canlı laboratoriya rolunu oynayır”
“Bakı əsrlər boyu formalaşmış tarix və mədəniyyətlərarası mübadiləni əks etdirən unikal memarlıq və mədəni irsə malik şəhərdir”.
1news.az-ın müxbiri xəbər verir ki, bunu Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü çərçivəsində təşkil olunan “Bakı Baş Planı – 2040: şəhər inkişafının yeni erası” adlı panel sessiyada deyib.
O bildirib ki, Bakı öz kimliyini qorumaqla yanaşı modernləşir və qitənin ən gözəl şəhərlərindən biri olaraq qalır.
“Baş Plan müasir şəhər inkişafı ilə tarixi irsin qorunması arasında harmoniyanın yaradılmasına, tarixi memarlığın mühafizəsi ilə yanaşı innovativ və dayanıqlı inkişafın təmin olunmasına yönəlib”, - deyə o qeyd edib.
Riad Qasımov vurğulayıb ki, hazırda Azərbaycanın şəhərsalma təcrübəsinin ən mühüm istiqamətlərindən biri Qarabağ və ətraf bölgələrdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa prosesidir.
“Baş Plan proqramı dayanıqlılıq, innovasiya, rəqəmsal idarəetmə və ekoloji məsuliyyət prinsipləri əsasında tamamilə yeni şəhər və kəndlərin yaradılmasına imkan verir”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri müasir urbanizmin yalnız fiziki bərpaya deyil, həm də mədəni dirçəlişə, iqtisadi canlanmaya və uzunmüddətli regional dayanıqlılığa necə xidmət etdiyini nümayiş etdirir.
“Bir çox baxımdan bu layihələr gələcəyin dayanıqlı inkişafı üçün canlı laboratoriya rolunu oynayır”, - deyə Riad Qasımov bildirib.












