Bahar Muradova: “Gənclərin gələcəkdə mənzil böhranı ilə üzləşməməsi üçün uzunmüddətli planlaşdırma vacibdir”
“Dövlət siyasətində uzunmüddətli planlaşdırma, inklüziv şəhərsalma və insan kapitalının inkişafı uşaqların və gənclərin gələcəkdə mənzil böhranı ilə üzləşməməsi üçün əsas prioritetlərdən birinə çevrilməlidir”.
1news.az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü çərçivəsində bildirib.
O qeyd edib ki, forumun əsas məqsədi yalnız uşaqlar və gənclərlə bağlı məsələləri deyil, ümumilikdə insanların yaşayış, şəhərsalma, tikinti və planlaşdırma proseslərində qarşılaşdıqları problemlərin müzakirəsini, həmçinin bu istiqamətdə beynəlxalq təcrübə mübadiləsini əhatə edir.
B.Muradovanın sözlərinə görə, müxtəlif ölkələrin fərqli təcrübələri mövcuddur və bu cür beynəlxalq platformalar həmin təcrübələrin öyrənilməsi, mövcud problemlərin aktuallaşdırılması və onların həlli yollarının axtarılması baxımından mühüm imkanlar yaradır.
Dövlət Komitəsinin sədri vurğulayıb ki, hər bir insanın mənzillə təmin olunması bütün dövlətlərin arzuladığı məqsədlərdən biridir. Lakin müharibələr, iqlim dəyişiklikləri, sosial və digər səbəblər nəticəsində dünyada hələ də qeyri-formal yaşayış məntəqələrində və qeyri-qənaətbəxş şəraitdə yaşayan insanlar var. Bu baxımdan dövlətlər mövcud çağırışları kompleks şəkildə qiymətləndirməli, gələcək strategiyalarında uşaqların, gənclərin və xüsusi qayğıya ehtiyacı olan şəxslərin rahat və təhlükəsiz yaşayışını nəzərə almalıdırlar.
“Yeni standartlar formalaşdırılmalı, şəhərlər insanların ehtiyaclarına uyğun inkişaf etdirilməli və eyni zamanda cəmiyyətdə davranış mədəniyyəti və məsuliyyət hissi gücləndirilməlidir”, - deyə Bahar Muradova əlavə edib.
O həmçinin bildirib ki, infrastrukturun yaradılması ilə yanaşı, insan kapitalının inkişafı da diqqət mərkəzində qalmalıdır:
“Dövlət bu imkanları yaradır, lakin onları qoruyan və düzgün istifadə edən məhz cəmiyyətin özüdür”.












