Anar Quliyev: “Bakıda keçirilən WUF13 konfrans çərçivəsindən kənara çıxaraq Azərbaycanın 9 şəhərini əhatə edib”
“Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ənənəvi konfrans formatından kənara çıxaraq geniş ictimai və regional tədbirləri əhatə edib”.
Bu barədə 1news.az-a istinadən bildirilib ki, 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycandakı Milli koordinatoru Anar Quliyev Bakıda keçirilən yekun mətbuat konfransında çıxış edib.
Onun sözlərinə görə, xüsusilə “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində respublikanın 9 şəhərində 55 ixtisaslaşmış tədbir və WUF13 festivalı təşkil olunub. Ümumilikdə dayanıqlı şəhər inkişafı ilə bağlı müzakirələrə 100 mindən çox insan qoşulub. Forumun qlobal miqyası həm də beynəlxalq media tərəfindən geniş işıqlandırılıb - 1000-dən çox akkreditə olunmuş jurnalist tədbiri izləyib.
WUF13-ün əsas hərəkətverici qüvvələrindən biri gənclər olub. Forumun təşkilində və uğurla keçirilməsində 2500 könüllü iştirak edib, onlar yüksək peşəkarlıq və təşkilatçılıq bacarıqları nümayiş etdiriblər.
Milli koordinator Bakıda irəli sürülən yeni təşəbbüslərə də xüsusi diqqət çəkib. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yeni Şəhərsalma Gündəliyinin həyata keçirilməsi: dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” adlı yüksək səviyyəli forum keçirilib. Onun yekun sənədində təmiz havanın beynəlxalq şəhərsalma gündəliyində prioritet istiqamətlərdən biri kimi qəbul edilməsi çağırışı yer alıb.
Bundan əlavə, WUF13 çərçivəsində “Təhlükəsiz qayıdış üçün dayanıqlı və ağıllı yaşayış məntəqələri” (SSRP) paketi təqdim olunub. Bu konsepsiya ekspertlər tərəfindən iqlim dəyişikliklərinə davamlı, ekoloji baxımdan təhlükəsiz və postmünaqişə bərpa proseslərini dəstəkləyən effektiv praktiki model kimi yüksək qiymətləndirilib.
Anar Quliyev vurğulayıb ki, WUF13 təkcə bir tədbir kimi deyil, real fəaliyyət platforması kimi formalaşıb. Forumun əsas mövzusu olan mənzil təminatı isə qlobal şəhər inkişafının əsas sütunu olaraq qalır. O, mənzil məsələsini yalnız əsas ehtiyac deyil, insan ləyaqətinin, sosial inklüzivliyin və iqtisadi inkişafın təməli kimi dəyərləndirib.
Bu baxımdan, qəbul edilən qərarların real addımlara çevrilməsi vacibdir. WUF13-ün nəticələri bu gün dünyada 3,5 milyard insanı təsir edən mənzil və evsizlik böhranının həllinə praktik töhfə verməlidir.
Sonda milli koordinator jurnalistlərə forumun məqsədlərinin beynəlxalq auditoriyaya çatdırılmasında göstərdikləri geniş işə görə təşəkkür edib. “Ümid edirik ki, iştirakçılar Bakıdan daha güclü tərəfdaşlıqlar və yeni baxışlarla ayrılırlar”, - deyə Anar Quliyev bildirib.












