Anar Quliyev: “Bakıda WUF13-ün keçirilməsi BMT-nin Azərbaycana yüksək etimadını nümayiş etdirdi”
“WUF13 Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq şəhər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl səylərin məntiqi davamıdır, eyni zamanda ölkə daxilində aparılan milli şəhərsalma müzakirələrinin beynəlxalq platformaya çıxarılmasıdır”.
Bu barədə 1news.az-a istinadən bildirilib ki, 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycandakı Milli koordinatoru Anar Quliyev Bakıda keçirilən yekun mətbuat konfransında çıxış edib.
Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi yalnız böyük məsuliyyət deyil, həm də BMT-Habitat və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana göstərilən yüksək etimadın göstəricisidir.
Anar Quliyev qeyd edib ki, WUF13 qlobal miqyasda geniş iştirakla yadda qalıb: forumda ümumilikdə 53 500 nəfər iştirak edib, onlardan təxminən 50 000-i əyani, 3 000-dən çoxu isə onlayn qoşulub. Tədbir çərçivəsində 400-dən çox əsas tədbir təşkil olunub və 125 ölkədən təxminən 400 spiker çıxış edib.
O bildirib ki, WUF13 çərçivəsində bir sıra mühüm yeniliklər tətbiq olunub. Onlardan biri Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil edilən “Liderlərin Bəyanatı” sessiyasıdır. Bu sessiyada 27 dövlət və hökumət başçısı, eləcə də beynəlxalq təşkilat rəhbərləri iştirak edərək qlobal şəhərsalma gündəliyinə güclü siyasi dəstək nümayiş etdiriblər.
Milli koordinator əlavə edib ki, forum çərçivəsində keçirilən nazirlər görüşü də mühüm mərhələ olub. Görüşdə 111 ölkənin nümayəndə heyətləri iştirak edib, onlardan 80-i nazirlər və nazir müavinləri səviyyəsində təmsil olunub, digər nümayəndə heyətləri isə səfirlər və yüksək vəzifəli rəsmilər səviyyəsində iştirak ediblər.
Onun sözlərinə görə, bu görüş Azərbaycan tərəfinin təşkilatçılığı ilə Yeni Şəhər Gündəliyinin icrası üzrə daha interaktiv və nəticəyönümlü müzakirələr üçün platforma yaradıb və nəticələr BMT-də keçiriləcək yüksək səviyyəli iclaslara töhfə verəcək.
Anar Quliyev həmçinin bildirib ki, WUF13 Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı şəhərsalma və bərpa proqramını əks etdirir. Azad olunmuş ərazilərdə aparılan bərpa işləri çərçivəsində 12 şəhər və 300-dən çox kənd tamamilə yenidən qurulur, 110 şəhər və kəndin baş planları təsdiqlənib, daha 4 yaşayış məntəqəsi üzrə planlaşdırma işləri isə davam etdirilir.












