BMT-nin Baş katibinin birinci müavini Bakıda WUF13-ün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
“Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) yüksək səviyyədə təşkil olunub və qlobal miqyasda mühüm nəticələr verib”.
Bu barədə 1news.az-a istinadən bildirilib ki, BMT-nin Baş katibinin birinci müavini Amina Mohammed forumun yekun mətbuat konfransında çıxış edib.
Amina Mohammed WUF13-ün uğurla keçirilməsi münasibətilə Azərbaycan xalqını, Bakı şəhərini, BMT-Habitatı və bütün tərəfdaşları təbrik edib.
Onun sözlərinə görə, dünyada geosiyasi gərginliklərin, münaqişələrin və qeyri-sabitliyin artdığı bir dövrdə WUF13-ün keçirilməsi xüsusi əhəmiyyət daşıyır və bu platforma BMT-Habitat tərəfindən həyata keçirilən qlobal şəhərsalma gündəliyinin əsas dayaqlarından biri kimi çıxış edir.
Rəsmi nümayəndə qeyd edib ki, WUF13 hökumətləri, vətəndaş cəmiyyətini, özəl sektoru, yerli icmaları, gəncləri, qadın qruplarını, akademik dairələri və beynəlxalq maliyyə institutlarını vahid şəhər gələcəyi ətrafında birləşdirən inklüziv platformadır.
Onun sözlərinə görə, forumda aparılan müzakirələr bir daha göstərib ki, mənzil təminatı qlobal problem olmaqla yanaşı, yerli səviyyədə həll edilməli və insan ləyaqətinə əsaslanan yanaşma tələb edir. Mənzil sosial sabitlik, iqtisadi inkişaf və dayanıqlılıq üçün əsas təməl rolunu oynayır.
Amina Mohammed əlavə edib ki, Azərbaycanın öz ərazilərində həyata keçirdiyi bərpa və inkişaf prosesi sülhün möhkəmləndirilməsi və iqtisadi potensialın reallaşdırılması baxımından nümunəvi model kimi qiymətləndirilə bilər.
O vurğulayıb ki, hazırda dünya iqlim böhranı, münaqişələr, bərabərsizlik, mənzil çatışmazlığı və maliyyə məhdudiyyətləri kimi bir-birini gücləndirən çağırışlarla üz-üzədir. Bu şəraitdə WUF13 çoxtərəfli əməkdaşlığın və bütün səviyyələrdə əlaqələndirilmiş fəaliyyətin vacibliyini bir daha nümayiş etdirib.
BMT Baş katibinin birinci müavini bildirib ki, mənzil böhranının həlli yalnız bir təşkilatın deyil, bütövlükdə BMT sisteminin ümumi məsuliyyətidir və bu proses iqlim, səhiyyə, nəqliyyat, miqrasiya, məşğulluq, rəqəmsallaşma, su təchizatı, enerji, fəlakət risklərinin azaldılması, gender bərabərliyi və sosial müdafiə kimi sahələri əhatə edir.












