Ramil Cahangirov WUF13-də: “Qarabağ və Şərqi Zəngəzurun bərpasında təhlükəsizlik bir nömrəli prioritetdir”
“Qarabağ və Şərqi Zəngəzurda aparılan bütün yenidənqurma prosesi kompleks plan əsasında həyata keçirilir”.
1news.az-ın müxbiri xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) altıncı günü çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhər bərpası: humanitar minatəmizləmə fəaliyyətinin həlledici rolu” adlı panel sessiyada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə olunması şöbəsinin müdiri Ramil Cahangirov səsləndirib.
Onun sözlərinə görə, “Böyük Qayıdış” Dövlət Proqramının və bu istiqamətdə qəbul olunmuş bütün strateji sənədlərin əsas prinsipi ondan ibarətdir ki, infrastrukturun, yaşayış evlərinin və ictimai obyektlərin tikintisi təsdiq edilmiş baş planlara, eləcə də şəhərsalma norma və standartlarına tam uyğun şəkildə həyata keçirilməlidir.
“Lakin hər hansı planlaşdırma və ya tikinti işlərinə başlamazdan əvvəl təhlükəsizlik məsələsi ön plana çəkilməlidir. Təhlükəsizlik bir nömrəli prioritetdir.
Məhz buna görə də bütün sistem elə qurulub ki, hər hansı işə başlamazdan əvvəl ərazilər təhlükəsiz elan olunsun. Yalnız təhlükəsizlik tam təmin edildikdən sonra layihələrin icrasına başlanıla bilər.
Bu isə heç də asan məsələ deyil”, - deyə o bildirib.
R.Cahangirov qeyd edib ki, forum çərçivəsində keçirilən müxtəlif panel və müzakirələrdə koordinasiyanın əhəmiyyəti dəfələrlə vurğulanıb.
“Şəhərsalma və minatəmizləmə fəaliyyəti kontekstində koordinasiya tamamilə zəruridir. Çünki atılan hər növbəti addım həmin ərazinin əvvəlcədən mina və partlayıcı sursatlardan təmizlənib-təmizlənməməsindən asılıdır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, hər hansı qərar qəbul edilməzdən əvvəl hansı ərazilərin daha çox, hansılarının isə daha az çirkləndiyini müəyyənləşdirmək üçün sıx məsləhətləşmələr aparılır.
“270 mindən çox hektar ərazinin təmizlənməsi kimi rəqəmləri eşidəndə, bu işlərin miqyasını həqiqətən dərk etmək vacibdir. Mən auditoriyaya təsəvvür etməyi tövsiyə edərdim ki, hər kvadratmetr torpağın yoxlanılması və təmizlənməsi nə deməkdir. Halbuki təhlükə istənilən yerdə gizlənə bilər.
Bəzi hallarda risklər ən gözlənilməz yerlərdə - dağlıq ərazilərdə və ya aktiv döyüş əməliyyatlarının aparılmadığı zonalarda aşkarlanır.
Məhz buna görə də əhalinin qayıdışı nəzərdə tutulan hər bir yaşayış məntəqəsi tam və kompleks şəkildə təmizlənməlidir”, - deyə Ramil Cahangirov vurğulayıb.












