ANAMA nümayəndəsi: “Azad edilmiş ərazilərin təxminən 11 600 kvadrat kilometri partlayıcı sursatlarla çirklənib”
“Hazırda apardığımız qiymətləndirmələrə əsasən, bu ərazilərdə təxminən 11 600 kvadrat kilometr torpaq sahəsi partlayıcı sursatlarla çirklənib və ya çirklənmiş hesab olunur”.
1news.az-ın müxbiri xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) altıncı günü çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhər bərpası: humanitar minatəmizləmə fəaliyyətinin həlledici rolu” adlı panel sessiyada Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov səsləndirib.
S.Poladovun sözlərinə görə, mina çirklənməsinin ən yüksək sıxlığı keçmiş təmas xətti boyunca qeydə alınıb. Bu ərazilər piyadaəleyhinə və tank əleyhinə mina zolaqları ilə qorunan müxtəlif hərbi istehkam sistemlərindən ibarətdir. Ən sıx mina konsentrasiyası da məhz burada müşahidə olunur. Lakin bu, təhlükənin yalnız həmin zonalarla məhdudlaşdığı anlamına gəlmir. İşğal dövründə bir çox digər ərazilər də minalanıb.
“Bir çoxunuz bu görüntüləri görmüsünüz və ya həmin ərazilərə səfər etmisiniz. Bu, azad olunmuş ərazilər üçün xarakterik mənzərədir: genişmiqyaslı dağıntılar, viran edilmiş evlər, çökmüş infrastruktur və böyük həcmdə tikinti tullantıları - bütün bunlar isə mina, tələ-mina və partlamamış hərbi sursat təhlükəsi ilə müşayiət olunur”, - deyə o bildirib.
Agentlik nümayəndəsinin sözlərinə görə, gündəlik əməliyyatlar zamanı rast gəlinən mina növlərindən bəziləri təqdim olunan slaydda əks olunub. Ən geniş yayılmış mina növü sol yuxarı hissədə göstərilən Rusiya istehsalı PMN minasının surətidir. Eyni zamanda, gündəlik fəaliyyət zamanı çoxsaylı digər partlayıcı sursatlarla da qarşılaşılır.
“Müxtəlif ərazilərdə tələ-minlər də aşkar edilib. Bu qurğular adətən ən gözlənilməz yerlərdə - binaların girişlərində, qapı arxalarında, pəncərə yaxınlığında və digər mülki infrastruktur obyektlərində yerləşdirilib.
Azərbaycan 2023-cü ildə ərazi bütövlüyünü tam bərpa etdikdən sonra həmin ərazilərdə çoxlu sayda tələ-min zərərsizləşdirilib. Onlardan bəziləri bu slaydda nümayiş olunur”, - deyə o vurğulayıb.
Samir Poladov qeyd edib ki, qəbiristanlıqlar xüsusilə geniş şəkildə minalanıb. Təəssüf ki, mina partlayışları ilə bağlı çoxsaylı hadisələr məhz bu ərazilərdə baş verib. Xüsusilə münaqişədən dərhal sonra, 30 ildən artıq müddətdə yaxınlarının məzarlarını ziyarət etmək imkanından məhrum qalan məcburi köçkünlər həmin yerlərə qayıdarkən mina partlayışlarının qurbanına çevriliblər. Nəticədə çox sayda mülki şəxs həlak olub və ya müxtəlif dərəcəli xəsarətlər alıb.












