ANAMA rəhbəri: “2020-ci ilin noyabrından bəri Azərbaycanda 270 min hektardan çox ərazi minalardan təmizlənib”
“Minatəmizləmə fəaliyyəti ilə bağlı belə tədbirlərin keçirilməsi son dərəcə vacibdir”.
1news.az-ın müxbirinin verdiyi məlumata görə, bu fikirləri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) altıncı günü çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov səsləndirib.
“Bildiyiniz kimi, Azərbaycanda “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bu proqram çərçivəsində hər bir layihənin icra müddəti, mərhələləri və əhatə etdiyi ərazilər dəqiq müəyyənləşdirilib. Lakin bütün bu fəaliyyətlərə başlamazdan əvvəl ən vacib məsələ məhz minatəmizləmədir. Çünki təhlükəsizlik təmin olunmadan heç bir tikinti, bərpa və ya məskunlaşma prosesinin həyata keçirilməsi mümkün deyil”, – deyə Agentlik rəhbəri vurğulayıb.
Vüqar Süleymanov qeyd edib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə kəndlərin yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması istiqamətində intensiv işlər aparılır. Bu proseslərin hər birinin başlanğıcında isə məhz minatəmizləmə fəaliyyəti dayanır.
Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından bu günədək 270 min hektardan artıq ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Aparılan əməliyyatlar nəticəsində 250 mindən çox mina və partlamamış sursat aşkarlanaraq zərərsizləşdirilib.
“Bu rəqəmlər görülən işlərin miqyasını və münaqişədən sonrakı dövrdə minatəmizləmənin nə qədər həyati əhəmiyyət daşıdığını açıq şəkildə nümayiş etdirir”, – deyə ANAMA sədri yekunlaşdırıb.












